9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri həmin gün işləməyəcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən FED.az-a verilən məlumata görə, vətəndaşlar noyabrın 10-dan “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür. Ona görə də “ASAN Kommunal” mərkəzləri noyabrın 11-dən işləyəcək.
Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.