ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin üçüncü rübündə fond bazarındakı yüksəlişlə rekord həddə - 168,8 trilyon dollara çatıb.
ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul-sentyabr ayları üzrə “ABŞ-ın Maliyyə Hesabları” hesabatını dərc edib.
FED.az hesabata istinadən xəbər verir ki, bu ilin üçüncü rübündə ölkədəki ev təsərrüfatlarının xalis sərvəti 168,8 trilyon dollar olaraq qeydə alınıb.
Bu dövrdə rekord səviyyəyə çatan ailələrin sərvəti əvvəlki rüblə müqayisədə 2,9 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 11,4 faiz artıb.
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 161,2 trilyon dollar, ikinci rübdə isə 164 trilyon dollar olaraq hesablanıb.
İlin üçüncü rübündə amerikalıların səhm aktivlərinin dəyəri 2,8 trilyon dollar artıb, daşınmaz əmlaklarının dəyəri isə 200 milyard dollar azalıb.
Amerikanın ev təsərrüfatlarının borcu üçüncü rübdə 3 faiz artıb. Sözügedən dövrdə istehlak kreditləri 2,5 faiz, ipoteka (mənzil krediti) borcu isə 3,1 faiz artıb.
Qeyd edək ki, xalis sərvət - ümumi sərvətin məbləğindən (aktivlərdən) ümumi borcun məbləğini çıxmaqla əldə edilir (Marja).