Amerika Birləşmiş Ştatları bir neçə həftəlik tərəddüddən sonra İrana hücuma qoşulmağı qərara alıb.
FED.az xəbər verir ki, bu gün səhər Birləşmiş Ştatların hərbi hava qüvvələri İranın nüvə infrastrukturunun əsasını təşkil edən 3 obyektə - Fordo, Natanz və İsfahan şəhərlərindəki mərkəzlərə zərbə endirib.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini açıqlayıb.
“İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyektinə uğurlu hücum tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – deyə Trmap qeyd edib.
ABŞ-ın “Fox News” telekanalı və İranın IRNA agentliyi Fordo nüvə obyektinin hava hücumuna məruz qalması barədə məlumatlar yayıb.
Sonradan bu hücumla bağlı hər iki tərədən – ABŞ və İran rəsmilərindən təfərrüatlar açıqlanıb. ABŞ tərəfi bildirib ki bu hücumdan əvvəl İsraili və İranı xəbərdar edib. Xüsusilə İrana bildirilib kİ, bu hücumlar birdəfəlikdir, yəni bir dəfə olacaq və uzunmüddətli hərbi aksiya olmayacaq.
Maraqlı məlumat ondan ibarətdir ki, Tramp komandası planlaşdırılan hücum barədə respublikaçıları xəbərdar etsə də, senatdakı demokratların bu hücumdan xəbəri olmayıb.
İran tərəfi isə hücumla əlaqədar bildirib ki, sözügedən obyektlərdəki vacib infrastrkutur əvvəlcədən təhlükəsiz yerə köçürülüb və ona görə də hücumlar nəticəsində böyük zərər dəyməyib.
Eyni zamanda İran tərəfi dinc məqsədli nüvə obyektlərinə qanunsuz hücumla bağlı MAQATE-nin və BMT-nin rəhbərliyinin təcili toplanmasını tələb edib.
«ABŞ-ın İrana endirdiyi zərbələr beynəlxalq hüququn və BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır» - bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
Ə.S.İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədrinə və təşkilatın Baş katibinə ünvanladığı məktubda deyilir: “Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir”.
Eyni zamanda İran tərəfi bildirib ki, bu hücumun nəticələri olacaq. “Ölkənin nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq” - bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə obyektlərinin ABŞ tərəfindən vurulmasına dair açıqlamasında bildriib. Onun sözlərinə görə, ABŞ İsfahan, Natanz və Fordoda İranın nüvə obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub.
“ABŞ Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü kimi İranın dinc nüvə obyektlərinə hücum etməklə BMT Nizamnaməsini, beynəlxalq hüququ və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozub. Bu səhər baş verən hadisələr uzunmüddətli nəticələrə gətirib çıxaracaq”, - deyə XİN rəhbəri bildirib.
O, həmçinin vurğulayıb ki, İran BMT nizamnaməsinə uyğun olaraq, öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır.
ABŞ-ın İrana hücumundan sonra İranın regiondakı müttəfiqləri- Yəməndəki husilər ABŞ-ın bu bölgədəki baza və gəmilərinə hücum edəcəyini elan edib.
ABŞ hücumundan sonra İsrail tərəfi də İrana ənənəvi hücumları davam etdirib.
İran özü də İsrailə raket hücumu edib.