Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun birləşdirilərək yenidən təşkil edilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bununla bağlı agentlikdən müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb.
Nəticədə, sözügedən qurumların bu ilin sonunadək birləşdirilməsi gözlənilir. Qeyd edək ki, qanunvericiliyə əsasən, Agentliyin tərkibinə daxil olan qurumların yenidən təşkili və ləğv edilməsini Azərbaycan Prezidenti həyata keçirir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə 2023-cü ilin noyabr ayında ADSEA-nın yeni strukturu təsdiq edilib.
Bununla da qurumun tabeliyində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC - Regional Su Meliorasiya Xidmətinə, “Azərsu” ASC isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə çevrilib.
Eyni zamanda Meliorasiya Elmi Tədqiqat İnstitutu Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna, Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti isə Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə çevrilib.
Nəhayət, Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun bazasında Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb. (Apa)