ABŞ və NATO şərqə genişlənməmək və təhlükəsizlik qarantiyaları ilə bağlı Rusiyanın təkliflərini rədd edib.
FED.az xəbər verir ki, üstəlik NATO Şərqi Avropaya - Ukrayna ətrafına öz qoşunlarını yeridəcəyini elan edib. Artıq Danimarka, İspaniya, Niderland və Fransa Rusiya və Ukrayna ətrafına Baltik və Qara dəniz hövzəsinə silahlı bölmələrini, təyyarə və gəmilərini yerləşdirməyə başlayıblar. NATO elan edib ki, tezliklə bu ərazilərə ABŞ qoşunları da gətiriləcək.
Cavabında Kreml elan edib ki, Ukrayna Donbasa hücum hazırlayır və bununla bağlı təhlükə yüksək dərəcəyə çatıb. Müşahidəçilər Kremlin bu açıqlamasını Ukraynaya müdaxiləsi üçün hazırlıq bəyanatı kimi qiymətləndirirlər.
Qarşıdurma barədə məlumatın yayılması Rusiya birjalarına və milli valyutasına öldürücü təsir edib.
Qərblə ciddi problemlərini başlana biləcəyinə işarə edən bu qərardan sonra Rusiya fond birjaları çöküb, rubl isə dollar və avro qarşısında ucuzlaşmağa başlayıb.
Əvvəlcə Rusiyada dollar və avto bahalaşmağa başlayıb. Hər biri təqribən 2 rubl bahalaşandan sonra avro 89,7 rubl, dollar 79,2 rubla yüksəlib. Bu 2020-ci ildən indiyədək rublun ən aşağı məzənnəsiidir.
Rublun məzənnəsi aşağı düşn kimi, Rusiya Mərkəzi bankı maliyyə bazarından xarici valyuta, o cümlədən dollar alışını dayandırıb.
Paralel olaraq Rusiyanın fond bazarında indekslər aşağı düşməyə başlayıb. Moskva birjasının indeksi 3200 pillədən, RTS indeksi isə 1300-dən aşağı enib. Bu 2020-ci ilin sonundan indiyədək ən aşağı səviyyədir. Səhmləri ən çox ucuzlaşan şirkətlər «Rusal», PİK, «FosAqro», En+, «RusQidro» olub.
Prezident Putinin mətbuat katibi Dmitri Peskov birjanın çökməsini Qərblə Rusiyanın qarşıdurması ilə deyil, dünya bazarlarındakı mürəkkəb vəziyyətlə əlaqələndirməyə çalışıb.
NATO və ABŞ-la münasibətlərin pisləşməsi Rusiyaya investorların da ehtiyatla yanaşmasına səbəb olub. Artıq indiyədək nəzərdə tutulan bəzi müqavilələr ləğv edilib. Məsələn, İtaliyanın «UniCredit» qrupu Rusiyanın «Otkrıtie» bankının alınması ilə bağlı qərarını təxirə salıb. İtalyanlar bildirib ki, hazırda Rusiyaya qarşı sanksiya riski çox yüksəkdir. Belə vəziyyətdə Rusiya bankını almaq İtaliya qrupunun səhmlərinə mənfi təsir edə bilər. Amma elə bunsuz da İtaliya qrupunun səhmləri Milan birjasında ucuzlaşmağa başlayıb.
«UniCredit»in rus bankını alacağı barədə mətbuatda yayılan hər bir xəbər İtaliya şirkətinin səhmlərini ucuzlaşdırır.