2020-ci ilin ikinci rübü ABŞ iqtisadiyyatı tarixində katastrofik səviyyədə geriləmə ilə yadda qalacaq.
FED.az xəbər verir ki, aprel-iyun aylarında dünyanın ən böyük iqtisadiyyatı indiyədək görünməmiş səviyyədə geriləyib.
ABŞ Ticarət Nazirliyinin verdiyi məlumata görə, 2-cü rübdə ölkə iqtisadiyyatında 32,9% geriləmə qeydə alınıb. Yeri gəlmişkən, azalma ekspertlərin gözlədiyi qədər olmayıb – onlar daha böyük - 34,7% azalma gözləyirdilər, bununla yanaşı, ekspertlər hesab edir ki, yaxın vaxtlarda dirçəlmə gözlənilmir. Müqayisə üçün bildirək ki, birinci rübdə iqtisadiyyatın geriləməsi cəmi 5% olmuşdu.
Nazirlik bildirir ki, hazırda açıqlanan rəqəmlər bütün məlumatları əks etdi rmir və onlar yenidən dəqiqləşdirilə bilər. Daha dəqiq məlumatlar avqustun 27-də açıqlanacaq.
ABŞ tarixində belə böyük iqtisadi geriləm hələ baş verməyib. «Hətta 1930-cu illərdə baş verən Böyük Depressiya və 2008-ci ildəki maliyyə böhranı dövründə, ümumiyyətlə, son 200 ildə belə geriləmə qeydə alınmayıb»-deyə CNBC bildirir. İndiyədək ən pis nəticə 2008-ci ildə olmuşdu – o da bir rüb ərzində ÜDM-nin 8,4% enməsi foprmasında.
«Moody's Analytics»in baş iqtisadçısı Mark Zandi bildiribd ki, ABŞ iqtisadiyyatının bu vəziyyətdən çıxması üçün böyük vaxt tələb olunacaq.
Hesabata əsasən, ABŞ-da istehlak xərcləri, eləcə də səhiyyə xərcləri kəskin azalıb. Bununla yanaşı, ölkə vətəndaşlarının şəxsi gəlirləri artıb, bu da əhaliyə dövlət dəstəyi hesabına baş verib. Dollar ifadəsində şəxsi gəlirlər 6 dəfə artaraq 1,39 trilyon dollara çatıb.
Doğrudur, artıq ekspertlər bildirir ki, 3-cü rübdə iqtisadiyyyatın güclü şəkildə artımı gözlənilir. «Capital Economics» şirkətinin böyük iqtisadçısı Endryu Hanter bildirib ki, may və iyun aylarında iqtisadi fəallıq artıb və bu ÜDM-nin 3-cü rübdə artımı üçün ciddi baza yaradıb. Amma son vaxtlar yoluxmaların artımı iqtisadi dirçəlişi yenidən ləngidə bilər.