Rusiyalı milyarder Abramoviç "Çelsi"nin rəhbərliyindən istefa verib
FED.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumu İngiltərədə ağır sanksiyalarla qarşılanarkən, 2003-cü ildə İngiltərənin məşhur "Çelsi" futbol klubunu satın alan rusiyalı milyarder Roman Abramoviç klubun rəhbərliyini təhvil vermək qərarına gəlib.
İngiltərə Premyer Liqa komandası "Çelsi"nin sahibi Roman Abramoviç klubun rəhbərliyini fondun qəyyumlar şurasına təhvil verdiyini açıqlayıb.
Abramoviç açıqlamasında hər zaman klubun mənafeyini nəzərə alaraq qərarlar verdiyini və bu dəyərlərə sadiq qalmağa davam etdiyini bildirib.
Roman Abramoviç açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
"Buna görə də bu gün klubun idarəçiliyini və məsuliyyətini "Çelsi" fondunun qəyyumlar şurasına həvalə edirəm. Hazırda inanıram ki, klub oyunçuların, heyətin və azarkeşlərin maraqlarını qorumaq üçün ən yaxşı vəziyyətdədir".
Abramoviçin bu qərarı Rusiyanın Ukraynaya hücumlarından sonra ona qarşı sanksiyaların tətbiqi çağırışlarından sonra verilib.
Rus milyarder Abramoviç 2003-cü ildə ingilis iş adamı Ken Batesə 140 milyon funt sterlinq ödəməklə "Çelsi"nin sahibi olub.