“Mənim heç vaxt maşınım olmayıb, heç indi də yoxdur”.
FED.az xəbər verir ki, bu sözləri millət vəkili Səyyad Aran deyib.
Millət vəkili bildirib ki, hər yerə idarənin avtomobili ilə gedib: “İndi də Milli Məclisə gedəndə 18 nömrəli avtobusla gedirəm, qayıdanda piyada metroya düşürəm. Tədbirlərə də bəzən köməkçimin maşını ilə gedirəm”.
Səyyad Aran avtomobil almamasının səbəbini pulunun olmaması ilə izah edib.
Jurnalistin, “Heç beş-altı minlik maşın da almaq imkanınız olmadı?”, sualına millət vəkili belə cavab verib:
“Beş-altı minlik maşın nə maşın olacaqdı ki?! Həm də özüm sürə bilmirəm. Krediti də sevmirəm. Kredit insanı özündən asılı edir, aldığın qədər faiz də ödəyirsən. Piyada gedib-gəlməyi qəbul edərəm, nəinki kreditlə maşın almaq. Mən Dini Komitədə işlədiyim müddətdə xidməti maşından istifadə etmişəm, başqa heç nə. Deyirsiniz ki, deputatsan. Lap tutaq ki, beş min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?". (Modern.az)