Dünyada təqribən 300 milyon uşaq (Hər yeddi uşaqdan biri) havanın çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu regionlarda yaşayır.
Bu barədə bazar ertəsi BMT-nin Uşaq Fondunun (UNİSEF) rəsmi saytında məlumat yerləşdirilib.
"Bu gün bütün dünya üzrə 300 milyon uşaq havanın zəhərli maddələrlə çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu zonalarda yaşayır. Təqribən 2 milyard uşaq havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş havanın minimal keyfiyyət standartlarına cavab verməyən ərazilərdə yaşayır", - deyə saytda YUNİSEF-in icraçı direktoru Entoni Leykanın sözləri sitat gətirilir.
Bununla yanaşı, o qeyd edib ki, bu məlumatlarda öz evlərində çirkləndirilmiş hava ilə nəfəs alan milyonlarla uşaq nəzərə alınmayıb.
Entoni Leyka bildirib ki, havanın çirkləndirilməsi hər il yaşı 5-dən aşağı olan 600 min uşağın ölümünə səbəb olan mühüm amildir.
Təşkilatın məlumatına görə, çirkləndirilmiş havadan əziyyət çəkən uşaqların böyük hissəsi Cənubi Asiya və Afrika ölkələrində yaşayır.
Report©