Azərbaycanda sentyabrın 1-də nəzərdə tutulan parlament seçkiləri üzrə qeydə alınmayan namizədlərin şikayətlərinə baxılır.
FED.az xəbər verir ki, avqustun 5-də Mərkəzi Seçki Komissiya deputatlığa namizəd kimi qeydə alınmaq istəyən Oktay Hacıyevin şikayətini araşdırıb.
Qeyd edək ki, O.Hacıyev 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. İmzaları və lazım olan sənədləri təqdim etməsinə baxmayaraq, dairə seçki komissiyası onun namizədliyini qeydə almaqdan imtina edib.
Bununla bağlı namizəd MSK-ya müraicət edərək məsələnin araşdırılmasını tələb edib. Araşdırma zamanı məlum olub ki, dairə seçki komissiyası namizədliyi qeydə almamasını onunla əsaslandırıb ki, namizəd öz əmlakları barəsində məlumatda mülkiyyətində olan Bakı şəhərində yerləşən iki mənzili və iki avtomobili göstərməyib.
Amma MSK-da araşdırma göstərib ki, O.C.Hacıyev tərəfindən Bakı şəhəri ərazisində yerləşən iki mənzil alqı-satqı müqavilələri əsasında satılıb, amma yeni sahi bi hələ həmin mənzillərə «kupça» almayıb deyə, onlar reyestrdə görünməyib. Eləcə də araşdırma zamanı göstərilən 2 avtomobilin də O.C.Hacıyevə məxsus olması da öz təsdiqini tapmayıb.
Nəticədə namizədin müraciəti təmin edilib və o 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyi təsdiqlənib.