Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Bakıətrafı qəsəbələrdə yerləşən həyət evlərində su sayğaclarının quraşdırılması işləri aparılır. Bu ilin sonunadək 10 mindən çox sayğacın quraşdırılması nəzərdə tutulub. Qısa müddətdə 2 mindən çox sayğacın quraşdırılması təmin edilib.
"Təəssüf ki, Azərbaycanda fermerlər əldə etmək istədikləri suya sahib deyillər" - MÜSAHİBƏ
"Azərsu" ASC-dən FED.az-a bildirilib ki, bina evləri ilə müqayisədə həyət evlərində su sərfiyyatı daha çox olur. Sayğac olmayan həyət evlərində hesabat faktiki yaşayanların sayına uyğun aparılır ki, bu da uçotun tam dəqiq olmasına imkan vermir. Xüsusilə yay aylarında suvarma dövründə həyət evlərində istifadə olunan suyun həcmi hesabatlardan qat-qat çox olur. Aparılan araşdırmalar və təhlillər göstərir ki, sayğacla təmin olunmayan həyət evlərində sudan israfçılıqla istifadə edilir və aylıq sərfiyyat sayğaclı abonentlərlə müqayisədə xeyli çoxdur. Təhlillər göstərir ki, sayğac quraşdırılan ərazilərdə ümumilikdə istifadə olunan suyun həcmi azalır, satılan suyun həcmi isə əksinə artır. Bu da son nəticədə itkilərin aşağı salınmasına gətirib çıxarır.
Yeri gəlmişkən, həyət evlərində sayğacların quraşdırılması dövlət vəsaiti hesabına aparılır və buna görə abonentlərdən heç bir ödəniş tələb olunmur. Vətəndaşlar sayğac quraşdıran əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşarsa, 955 Zəng mərkəzinə müraciət edə bilərlər.
Cari ilin yanvar-oktyabr aylarında “Azərsu” ASC tərəfindən 120 min ədəd sayğac quraşdırılıb. Hazırda abonentlərinin 89,5 faizi sayğacla təmin olunub, əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,3 faiz, qeyri-əhali qrupu üzrə isə 96,5 faiz təşkil edir.