İsmayıllıda keçirilən iclasda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
FED.az xəbər verir ki, məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məruzəsi dinlənilib, müzakirələr aparılıb.
Qeyd olunub ki, bu ilin altı ayında rayonda əsas kapitala 39 milyon 884 min manat və ya əvvəlki ildəkindən 496 min manat çox investisiya qoyulub. İnvestisiyanın 23 milyon 103 min manatı və ya 57,9 faizi özəl sektor tərəfindən yatırılıb. Vəsaitin 36 milyon 986 min manatı və ya 92,7 faizi tikinti-quraşdırma işlərinə sərf olunub. Şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasının tikintisi, İvanovka Mədəniyyət Sarayında əsaslı təmir işləri başa çatdırılıb. “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində “Bədo” sanatoriya-müalicə mərkəzində, Talıstan kəndi ərazisindəki istirahət kompleksində, İsmayıllı xalça emalatxanasında, 100 yerlik uşaq bağçasında, Basqal qəsəbəsində 432 şagird yerlik tam orta məktəb binasında tikinti işləri davam etdirilib. Qalacıq kəndinin qazlaşdırılması başa çatdırılıb, sakinlər təbii yanacaqla təmin olunub.
İsmayıllı şəhərində istismar müddəti başa çatan 3 ikimərtəbəli və 4 birmərtəbəli yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən 48 mənzilli yaşayış binasında son tamamlama işləri görülür.
Məruzə və çıxışlarda bildirilib ki, 2019-cu il fevralın 5-də baş verən zəlzələ ilə əlaqədar 1273 fərdi yaşayış evinə və sosial təyinatlı obyektlərə komissiya tərəfindən baxış keçirilib, 117 evin qəzalı vəziyyətdə, 350 evin bərpa-gücləndirməyə, 458 evin isə təmirə ehtiyacı olduğu müəyyən edilib. Son məlumata görə, 90 evdə bərpa-gücləndirmə, 260 evdə təmir işləri aparılır. 156 evdə təmir işləri başa çatdırılıb. Artıq 25 evin tikintisi yekunlaşıb, 58 fərdi yaşayış evinin isə inşası davam etdirilir.
Yarım ildə rayonun Kəlbənd kəndi ərazisindəki körpünün tikintisi başa çatdırılıb, Qalacıq kəndinin giriş yolunda körpü əsaslı təmir edilib. Yerli əhəmiyyətli Təzəkənd-Ağbulaq-Qoşakənd və Quşencə-Zoğallıq kəndinin giriş yollarının yenidən qurulması yekunlaşıb. Habelə, Basqal qəsəbəsində turizm kompleksinin tikintisi, Aşıqbayramlı gölü ətrafında istirahət kompleksinin, Qubaxəlilli kəndi ərazisində 3 tonluq soyuducu anbarın inşasına hazırlıq işləri davam etdirilir.
Hesabat yığıncağında qeyd olunub ki, yarım ildə ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 121 milyon 606 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 273 min manat çoxdur. Yarım ildə 800 yeni iş yeri açılıb ki, bunun da 445-i daimidir.
İclasda aqrar sektorda görülən işlər də geniş təhlil edilib. Vurğulanıb ki, bu ilin altı ayında ümumi məhsul istehsalının 38,9 faizi aqrar sektorun payına düşür. Ötən ilin payızında əkilən taxıl sahələrində indiyədək 103 min 403 tondan çox məhsul istehsal olunub. Bu ilin məhsulu üçün 3512 hektar sahədə yazlıq bitkilər əkilib. Heyvandarlıq məhsulları, barama istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Məruzə və çıxışlarda təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, qazanılan nailiyyətlər, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, habelə əhalinin elektrik enerjisi, təbii qazla təminatı, yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı məsələlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən danışılıb.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.