Azərbaycanda dövlət qurumları istehsalçı şirkətlərin artıq neçə illərdir üzləşdiyi problemi araşdırmağa başlayıblar.
Dövlət Xidməti “SunFood” MMC barədə - İŞ QALDIRIB
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti «Azərsun Holdinq»ə daxil olan “SUN FOOD” MMC və “Azərbaycan Duz İstehsalat Birliyi” QSC şirkətlərinin antiinhisar qanunvericiliyini pozub-pozmadığını araşdırır.
FED.az xəbər verir ki, bu iş «Gön-dəri İstehsalçıları Assossasiyası»nın davamlı müraciətləri və Antiinhisar Xidmətinin öz təşəbbüsü ilə qaldırılıb.
Antiinhisar Xidməti məsələni «Antiinhisar fəaliyyəti haqqında» Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin və 10-cu maddəsinin 2-ci bəndinin tələblərin pozulması əlamətləri üzrə araşdırılır.
Qanunun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərində deyilir:
4) bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması);
7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi.
Qanunun 10-cu maddəsinin 2-ci bəndində deyilir:
2) bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər.
«Gön-dəri İstehsalçıları Assossasiyası»nın rəhbəri Kamil Əliyev FED.az-a bildirib ki, problem – dəri sənayesində geniş istifadə olunan duzun dəri şirkətlərinə keyfiyyətsiz və baha qiymətə satışı ilə bağlıdır.
Məsələ bundadır ki, dərinin ilkin emalında duz ən əhəmiyyətli material sayılır: yeni soyulmuş dərilərə dərhal duz səpilir ki, onun suyunu qurutsun və dəri xarab olmasın: «Təsəvvür edin, qoyun kəsilib, onun dərisinin üzərinə 1 saatlıq müddətə quru duz tökülür. Çünki duz bu halda dərinin içərisindəki acı suyu çəkir. Belə olanda dəri xarab olmur. Ona görə də duz - dəri sənayesində bu qədər önəmlidir»-deyə Assosiasiyanın sədri bildirir.
Ölkəni yeganə duz istehsalçısı olan «Azərsun Holdinq»ə daxil «Azərbaycan Duz İstehsalat Birliyi» QSC isə dəri istehsalçılarına duzu sulu vəziyyətdə və baha qiymətə satır: «Onlar (yəni «Azərbaycan Duz İstehsalat Birliyi») duzu müəssisəyə aparıb suya qatıb su ilə bərabər satırlar. Yəni məhsulun yarısı duz olur, yarısı su. Bu da duzun qurutma qabiliyyətini azaldır, duz çox su çəkmir, dəri xarab olur. Zavoda aparanda duzun satış qiyməti də artır, çünki əlavə xərclər yaranır. Biz isə belə istəmirik. Duzun tonu 105 manatdır. Onun da yarısı elə suya çıxır. Bu da bizə nə qədər zərər deməkdir».
İstehsalçılar qurşı tərəfə təklif ediblər ki, duzu göldən (duz Masazır gölündən toplanır) yığılan kimi satsın: «Biz şirkətə də dəfələrlə təklif eləmişdik ki, duzu elə göldən yığılanda bizə satsınlar. Amma bunu etməyiblər».
K.Əliyevin sözlərinə görə, “Azərbaycan Duz İstehsalat” MMC müraciətlərə baxmayaraq onlara quru deyil, yaş duz satır: «Həmin duzu biz hara səpək ki, dəridəki acı suyu çəksin? Axı yaş duz su çəkicilik qabiliyyəti itirir. Su evimizdə də var, bizə duz lazımdır. Quru duzu satsalar biz də daha çox duz alarıq».
«Dəri sənayesində duz çox istifadə olunduğuna görə Antiinhisara təklif etmişik ki, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC həm qiymətləri azaltsın, həm də duzu quru halda satsın»-deyə qurum rəhbəri bildirib.
K.Əliyevin sözlərinə görə, dəri istehsalçıları bu məsələ ilə bağlı Antiinhisar xidmətinə hələ 2019-cu ildən müraciət etsə də işlər indi başlayıb: «İki ildir bununla bağlı danışıqlar gedir, ancaq hələ ki, nəticə yoxdur”, - deyə Kamil Əliyev bildirib.
Qeyd edək ki, müraciətə 10.08.2022-ci il tarixində, saat 11:00-da baxılacaq.