Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan “Norm” ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsalı gücü və geniş məhsul çeşidi ilə seçilən şirkət ölkənin iri infrastruktur və tikinti layihələrinin sementlə təminatına töhfə verir. “Norm” ASC istehsal imkanlarını genişləndirməklə yanaşı, fəaliyyətini şaxələndirərək inteqrasiya olunmuş tikinti materialları şirkətinə çevrilmək strategiyasını həyata keçirir.
Məhz bu baxımdan şirkətdəki bütün yeniliklərlə bağlı “Norm ASC”nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Ramil Mahmudovun FED.AZ saytına olan müsahibəsini təqdim edirik.
Ramil müəllim, “Norm” ASC-nin son illərdəki inkişafını necə qiymətləndirirsiniz? Şirkətin əsas strateji hədəfləri hansılardır və növbəti illərdə hansı istiqamətlər üzrə böyüməyi planlaşdırırsınız?
-Bildiyiniz kimi, son illər “Norm” üçün təkcə istehsal həcminin artması deyil, həm də şirkətin sement istehsalçısından inteqrasiya olunmuş tikinti materialları şirkətinə çevrilməsi dövrü oldu. Bu gün portfelimizdə “Norm Sement”, “Norm Beton” və quru qarışıqlar brendi STORM məhsulu var. Yəni sementdən hazır betona, oradan isə ustanın birbaşa işlətdiyi məhsullara qədər bütün zənciri əhatə edirik. Eyni zamanda istehsal gücümüzü artırmaq istiqamətində də mühüm addımlar atdıq.
Bizim strateji hədəflərimiz məlumdur. Bu hədəflərimiz çərçivəsində ölkənin sement və klinker ehtiyacını uzunmüddətli perspektivdə yerli istehsalla etibarlı şəkildə ödəmək, daha yüksək əlavə dəyərli məhsullara doğru böyümək və ixrac imkanlarını genişləndirməkdir. Bütün bu istiqamətlərdə əsas prinsipimiz dəyişməz olaraq qalır – keyfiyyət və etibarlılıq.
“Norm” ASC son dövrlərdə yeni beton zavodlarının yaradılması istiqamətində fəaliyyətini genişləndirir. Bu investisiyaların ümumi həcmi nə qədərdir və əsas məqsədi nədir və yeni müəssisələr şirkətin istehsal imkanlarına hansı üstünlükləri qazandıracaq?
-Beton istiqaməti bizim üçün təbii və məntiqi addımdır. Bakıda müasir beton zavodları qurduq. Bu, şirkət üçün əhəmiyyətli investisiyadır, eyni zamanda tikinti materialları sahəsində uzunmüddətli planlarımızın bir hissəsini təşkil edir.
Əsas məqsəd inşaat şirkətlərinə, dövlət və özəl layihələrə sabit, keyfiyyəti zəmanətli və vaxtında və operativ şəkildə beton təchizatı yaratmaqdır. Betonun keyfiyyəti birbaşa sementin keyfiyyətindən başlayır. Sementi özümüz istehsal etdiyimiz üçün xammaldan tikinti meydançasına qədər bütün prosesə nəzarət edirik ki, bu da sifarişçi üçün keyfiyyət və sabitlik deməkdir.
Zavodlarda betonun təkrar emalı üçün xüsusi avadanlıq da quraşdırılıb. Bu, həm resurslara qənaət edir, həm də ətraf mühitə təsiri azaldır.
Sement və beton istehsalı enerji tutumlu sahələr hesab olunur. “Norm” ASC istehsalda müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması və ətraf mühitə təsirin azaldılması istiqamətində hansı layihələri həyata keçirir?
-Doğrudur, sement sənayesi dünyada ən enerji tutumlu sahələrdən biridir. Ona görə də bu mövzu bizim üçün sadəcə öhdəlik deyil, həm də səmərəlilik məsələsidir.
Zavodumuz sıfırdan Avropa texnologiyaları əsasında qurulub, beynəlxalq elmi-tədqiqat qurumları ilə əməkdaşlıq edir və beynəlxalq ekoloji standartlara uyğun fəaliyyət göstəririk.
Bizim üçün əsas istiqamət sementin tərkibində klinkerin payını azaltmaqdır. Klinker sementin ən enerji tutumlu komponentidir, ona görə də bu addım həm enerji sərfiyyatını, həm də CO₂ emissiyasını birbaşa azaldır. İstehsalın modernləşdirilməsi, resursların optimallaşdırılması və ətraf mühitə təsirin azaldılması üzərində işi ardıcıl şəkildə davam etdiririk.
“Norm” ASC-ni qarşıdakı 5 ildə necə görürsünüz? Şirkətin yeni zavodlar açmaq, istehsal gücünü artırmaq, yeni məhsullar təqdim etmək və regional bazarlarda mövqeyini gücləndirmək istiqamətində əsas planları nələrdir?
-Beş il sonra “Norm”u sement, beton və quru qarışıqlar üzrə tam həll təqdim edən regionun aparıcı tikinti materialları şirkəti kimi görürəm. Əsas istiqamətlərimiz beton şəbəkəsinin genişlənməsi, STORM brendi altında məhsul çeşidinin artırılması və istehsal gücündən səmərəli istifadə etməkdir.
Bi maraqlı məsələyə də toxunum. Biz gələcəkdə Qarabağ bölgəsinə də investisiya yatırmağı planlaşdırırıq. Burada yaşıl enerji və “yaşıl beton” istiqaməti bizim üçün xüsusi maraq kəsb edir. Bundan başqa, uzunömürlü, təmir xərcləri az olan və yerli xammala əsaslanan beton yolları ölkə üçün perspektivli istiqamət hesab edirik.
Qaldı ki, regional bazarlara, burada məqsədimiz bölgələrə daha yaxın olmaq, distribusiya şəbəkəmizi gücləndirmək və ustalarla birbaşa əlaqəni “Norm Ustalar Klubu” vasitəsilə daha da dərinləşdirməkdir.
Müsahibəni apardı:
Elnur Hüseynquluyev
Direktor və baş redaktor











![“Norm”un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – [red]RAMİL MAHMUDOVLA MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/3102303.jpeg)
![“Norm”un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – [red]RAMİL MAHMUDOVLA MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/4046054.jpeg)
![“Norm”un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – [red]RAMİL MAHMUDOVLA MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/2435890.jpeg)
![“Norm”un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – [red]RAMİL MAHMUDOVLA MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/728750.jpeg)
![“Norm”un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – [red]RAMİL MAHMUDOVLA MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/3482212.jpeg)
![“Norm”un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – [red]RAMİL MAHMUDOVLA MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/3956152.jpeg)








