Bu yaxınlarda işadamları qruplarından birində bu mövzu müzakirəsi oldu: şirkətdə maaşlar şəffaf olmalıdırmı? İnsanlar biri-birilərinin maaşlarını bilməlidirlərmi?
Fərqli fikir və düşüncələr səsləndi.
Bu maraqlı və əsasən də sahibkar və rəhbərlər üçün mühim mövzu ilə əlaqəli mövcud Azərbaycan reallıqlarını nəzərə alaraq fikir və düşüncələrimi bu yazımla paylaşmaq istəyirəm.
"Zəhmətimə qiymət vermirlər, mən də yaxşı işləmirəm" - Doğru yanaşmadırmı? – FƏXRİ AĞAYEV YAZIR
İlk öncə onu qeyd edim ki, iş həyatı bir və tək mənalı, düz xətt üzərində davam edən, hər şeyin riyazi hesablarla və məntiqi əsaslarla olduğu bir ortam deyildir: 2 x 2 bəzən 4, bəzən 0, bəzən də 10-a bərabər olur. Bundan başqa, real biznesdə hər şey heç də gözəl kitablarda yazılan qanun-qaydalara görə olmur.
«Necə olur ki, bütün qurumlar zərərlə işləyir? Onda xərclərini açıqlasınlar, baxaq» - STATUS
1. Əksər hallarda insanlar öz maaşının az, digərlərinin çox olduğunun inancındadır. Səbəbi də ondan ibarətdir ki, bir-birinin peşəkarlıqları və işə verdikləri zəhmət və effekivlik haqda düşüncələri subyektiv ola bilər. Bir mühafizə əməkdaşının satış mütəxəssisinin, satış mütəxəssisin isə rəhbərin şəxsi köməkçisinin işi, zəhməti, iş yükü və qarşılaşdığı problemlərlə əlaqəli fikirləri əsaslı və doğru, nəticədə isə ədalətli və obyektiv olmayacaq. Bir-birinin maaşlarını bilən və uyğun şəkildə zəhməti qiymətləndirməyən insanların şirkətə, iş yoldaşlarına və rəhbərliyə qarşı qıcıqlanması, və nəticədə də ruhdan düşməsi və işə qarşı soyuması baş verəcək.
Azərbaycan iş dünyasında dərin böhran: İşçi yoxdur, yoxsa tapılmır? – FƏXRİ AĞAYEV YAZIR
2. Digər məqam - adətən əməkdaşlar bir rəhbərin- baş direktorun gördüyü işlərin dərinliyini dəqiq anlamazlar. Direktor şirkəti brendləşdirir, sistem qurur, uzun müddətli işlər icra edir. Bəzən aparılan işlər fonunda qısa müddət ərzində şirkətin satışları geriləyir və gəlirlər azalır. Aparılan işlərin uzun müddətliliyini, faydalılığını əməkdaşların doğru qiymətləndirə bilməməsi normaldır. Bəli, komandaya aparılan işlər haqda açıqlama verilməlidir. İdarəçilikdə sistemin qurulması, xərclərin edildiyi brendləşməni komanda üzvləri anlamamaqla bərabər açıqlamalardan sonra kəskin şəkildə aparılan işləri və xərcləri tənqid edəcəklər. Nəticədə yenə də işə qarşı soyuma baş verəcək.
İşləmək üçün şirkət seçərkən mütləq şəkildə buna diqqət yetirmək lazımdır - FƏXRİ AĞAYEV YAZIR...
3. Şirkət daxilində rəqabət olur, şöbələr arasında. Misal üçün, satış komandası deyir ki, HR bütün günü ofisdə oturub elanlar verib insanlarla görüşür: nə edirlər ki? Marketinq iddia edir ki, biz müşəriləri cəlb edirik, almağa hazır adamar mağazalarımıza gəlir və satış şöbəsi «məhsulu hazır müştəriyə satır.. Müştərini hazırlayıb qapıya qədər gətirən isə bizik». Bu kimi halların olduğu mühitdə maaşların şəffaflığının faydası olmayacaq.
4. Böyük iş təcrübəmdə indiyə qədər öz rəhbərinin güclü olduğunu, işinə həqiqətən də bilik və təcrübəsinə görə layiq olduğunu qəbul edən əməkdaşları çox az görmüşəm. Təcrübəmdən: böyük bir şirkətə rəhbər təyin edilir, sözün əsl mənasında savadlı və ciddi, təcrübəli insan. O firmada uzun müddət işləyən satış mütəxəssisi «niyə məni dəyərləndirmədilər, kənardan adam gəldi?» deyərək sahibkara qarşı incik oldu. Rəhbər işinin olduqca əl çatan, əmr verməkdən ibarət olduğunun düşünüldüyü və hər kəsin edə biləcəyi bir iş olduğu dövrdə şəffaflıq real görünmür.
5. Ölkəmizdə olan digər sıxıntı odur ki, insanlar fiziki əziyyətlə real effektiv əməyin fərqini bilmirlər. Rəhbər olduğum böyük şirkələr qrupunda bir şirkətə rəhbər təyin etmişdim. Olduqca effektiv iş görürdü – sistem qururdu, komandaya yeni savadlı gəncləri cəlb edirdi, müştərilərlə əlaqələri tənzimləyirdi, müştəri bazasının qurulmasına başlamışdı. Ondan öncəki rəhbər isə sahibkarın yaxın dostlarından idi.
Bir dəfə sahibkar mənə dedi ki, «müəllim, o təzə gətirdiyiniz adama nə qədər maaş veririk, amma işləmireee». Dedim «necə işləmir.???!!!» Və etdiklərini bir-bir saydım.
«Yox eee»- dedi.. «Öncəki müdir bütün günü palçıq içində idi. Nə zaman baxsam, fəhlələrdən çox işləyidi...».
Rəhbərin maaşı yüksək olur. Olmalıdır da. Rəhbərin verdiyi faydanın doğru qiymətləndirilmədiyi mühitdə rəhbərlərin aldığı məvaciblərin açıqlanmaması normaldır.
Növbəti 2 maddə məqalənin giriş hissəsində qeyd etdiyim «iş həyatı bir və tək mənalı, düz hətt üzərində davam edən, hər şeyin riyazi hesablarla və məntiqi əsaslarla olduğu bir ortam deyildir» cümləsi ilə birbaşa əlaqəlidir.
Şirkətlərin içində olduqları dövr, qarşısında duran məqsədlər və bir çox digər məqamlar, meyarlar və təzyiqlər altında alınan qərarlar kitablarda yazılanlardan fərqli olr.
6. Belə bir durumu düşünün. Şirkətə təcili mütəxəssis lazımdır – zaman yoxdur və rəhbərlik qarşısına çıxan insanlardan birini ən qısa zamanda işə qəbul etməlidir. Təsəvvür edin – insanın real bazar dəyəri maaş olaraq 1000 manatdır, amma müraciət edənlər içində ən uyğunu odur və zaman da yoxdur. İş axtaran bunu hiss edir və... 1500 manat tələb edir. Rəhbər çarəsizlikdən razılaşır.
4 ay keçir. Şirkətə yenə bir mütəxəssis lazımdır. Artıq zaman təzyiqi olmadığına görə 1000 manat maaşla insan işə alınır. Şirkətdə həssas vəziyyət yaranır: öncə işə alınan insanın maaşı azaldıla bilməz, yenisini də artırmaq olmur. Rəhbər özünü barıt sandığının üstündə oturmuş kimi hiss edir.
7. Bəzən rəhbərin qarşısına möhtəşəm bir mütəxəssis çıxır. İnsanın bazar dəyəri 2000 azn-dir, lakin müəyyən səbəblərə görə insan 1200 manata bir il işləməyə razıdır – uzun zaman iş tapa bilməyib, özgüvən problemi var, borcları var və stabiliyə ehtiyacı var. Ya da məhz bu şirkətdə bu rəhbərin yanında 1200 manata ona görə işləməyə razıdır ki, ondan öyrənəcəyi çox şeylər olduğuna görə maaşın bir hissəsini qurban verməyə razıdır. Bu durumlardan hansısa birində rəhbər qarşı tərəfə az maaş təklif edir və onu işə alır. Eyni anda da şirkətdə 2000 manat maaşla eyni klasda mütəxəssislər işləyir.
Azərbaycan reallıqlarının nəzərə alınması da vacibdir.
8. Digər vacib məqam və bunu sahibkarlar, işadamları və rəhbərlər yaxşı bilirlər – iş həyatımızda bəzən insan qeyri-populyar qərarları almaq məcburiyyətində qalır. Və əməkdaşlarımız bizim düşüncələrimizdə və atdığımız addımlarda bəsit məntiq axtarsalar belə, bu hər zaman olmur. Bəzi hallarda insanların maaşları rəhbərin şəxsi qərarı ilə müəyyən qeyri-rəsmi səbəblərə görə təyin edilir. Misal üçün bir şirkətin sahibkarı dövlət qurumu ilə sıx əlaqədədir. Şirkətin fəaliyyəti o quruma bağlıdır. Dövlət qurumu rəhbəri sahibkardan işə bir nəfər qohumunun alınmasını xahiş edir. Təbii ki, sahibkar qəbul edir “xahişi” və o insanı alır. İşə aldığı insanın savadı yoxdur, təcrübəsi səhvdir, amma tapşırıqla gəldiyinə görə övzgüvən tavandadlr. Maaş da yüksək. Şirkətin sahibi vəziyyəti çox gözəl qiymətləndirir. Bu kimi halların açıqlanması da problem olacaq, açıqlanmaması da.
9. Yanaşma olaraq şəffaflıq və ədalətlilik kimi görünsə də.. subyektiv fikirlərin olacağına görə insanlar arasında paxıllıq, biri-biini çəkəməməzlik hallarını artıracaq. Daxili ab-hava və mühit korlanacaq.
Yuxarıda qeyd edilən səbəblərin əksəriyyəti birbaşa iqtisadiyyatın özündə şəffaflığın olmaması, şirkətlərdə rəhbərlərin tam müstəqil qərar verməkdə çətinlik çəkməsi, sahibkarların ölkə reallıqlarını nəzərə alaraq açıqlanması çətin olan qərarlar verməsi və ümumilikdə düşüncə tərzinin dərin olmaması və baxış bucağının geniş olmaması ilə əlaqədardır.
Hesab edirəm ki, bu gün ölkə iqtisadiyyatında və dövlət qurumları-iş dünyası əlaqələrində şəffaflıq TAM formalaşdırılmayana qədər bu kimi addımların faydası olmayacaq.
Xüsusi olaraq FED.az üçün Fəxri Ağayev, peşəkar idarəçi, biznes təlimçi