Firmada mənim zəhmətimi və işimi layiqincə qiymətləndirmirlər - buna görə də var gücümlə işləmirəm və əlimdən gələni etmirəm.
Çox vaxt elə hallar olur ki, gənc mütəxəssislər və menecerlərlə açıq söhbətlərdə səmimiyyətlə etiraf edirlər ki, onlar işdə məqsədli şəkildə əllərindən gələni etmirlər. Bu tərzdə davranmalarının səbəbi və məntiqi sadədir - məni onsuz da burada qiymətləndirmirlər, rəhbərlikdən heç kim mənim təşəbbüslərimə, təkliflərimə reaksiya vermir və buna görə də var gücümlə işləməyimin heç bir mənası yoxdur,. Və nəticə - mən artıq şirkətdə ikinci ildir işləyirəm və çox da özümü yormuram, amma birinci il nəsə etməyə çalışırdım. Özümü inkişaf etdirməklə də məşğul deyiləm və buna zaman da ayırmıram - bu gün bildiklərimə əhəmiyyət verilmirsə, mənə əlavə bilik niyə lazımdır?
Gənc mütəxəssisin reaksiyası ilk baxışda məntiqli görünsə də əslndə vəziyyət daha ağır və dərindir.. Onu qiymətləndirmirlər – o da var gücü ilə işləmir. Amma əslində insan uzun müddətdə birinci növbədə özünə çox ziyan vurur. Və bəzən də bu zərər ömürlük olur.
Əslində insanın işində məsuliyyətli olması, işə ciddi və ya səthi yanaşması kimi məqamlar vərdişlərdir.
Məsələn, məsuliyyət. Müsahibələrdə hamı məsuliyyətli insan olduğunu qeyd edir. Lakin, bəyanatlar reallıqla üst-üstə düşürmü? Nədənsə işə başlayandan bir həftə sonra əksər hallarda insanlarda məsuliyyətin olmadığını görürük.
Ümumiyyətlə - məsuliyyət nədir?
Məsuliyyət seçimdir.
Məsuliyyətli insana xarici motivasiya lazım deyil – o öz işini düzgün, sona qədər yerinə yetirir, etməmək üçün isə heç bir bəhanə axtarmır.
Məsuliyyət, müdirin insanı görmədiyi zaman onun davranmasıdır. Məsuliyyət, heç kimin insanı qiymətləndirmədiyi halda hərəkətləridir.
Məsuliyyət kiçik addımlardan və hərəkətlərdən başlayır. Ofisdə otaqdan çıxarkən işığı söndürmək daxili məsuliyyətin nəticəsidir. Onu söndürməmək da olar -maliyyə baxımından bu, şirkət üçün kiçik məbləğ olacaq. Amma qurumda işləyən və oradan maaş alan şəxs imkan daxilində daim şirkətin mənafeyini qorumağa borcludur. Bu məsuliyyətli münasibətdir - heç kim görmədikdə, heç bir şahid olmadıqda və düzgün hərəkətlər üçün heç bir kənar təşviq olmadığında insanın davranışıdır.
Məsuliyyətli şəxsin kamera vasitəsi ilə izlənməsinə ehtiyac yoxdur - onun daxilində öz kamerası var.
Məsuliyyət kiçik hərəkətlərlə başladığı kimi, kiçik hərəkətlərlə də bitir.
Ilk baxışdan bir insanın məsuliyyətli olmasını ölçməyin çətin olduğu görnüsə də, əslində hər şey olduqca sadədir. Müsahibəyə gələn insanın köynəyi ucuz ola bilər - amma köynək həmişə təmiz, ütülü və səliqəli ola bilər. Məsuliyyətli insan heç bir bəhanə axtarmadan səhərə qədər yuxusuz qalma bahasına olsa belə işini bitirəcək.
Məsuliyyət insanın özünə qarşı münasibətindən başlayır - zahiri görkəmindən özünü inkişafına qədər insan məsuliyyətli davranmalıdır. Özünə görə.
Ən əsası isə budur : məsuliyyət sonradan vərdişə çevrilən bir seçimdir. Firmadan qisas almağı seçən insan əslində özünə zərər verir. Biznesə, müştərilərə və rəhbərliyin tapşırıqlarına soyuq münasibət göstərən insan özündə təhlükəli vərdiş formalaşdmağa başlayır.
Qisas yolunu seçmiş və bir il ərzində işlərinə qarşı səthi və məsuliyyətsiz yanaşan insan artıq başqa tərzdə davrana bilməyəcək : məsuliyyətsiz olmağı seçdi və oldu.
Belə hallarda əsas səhv insanın beynində özünü bir iş yerində ilişdirməsidir. Bir pis firma bütün şirkətlər, biznes və iş dünyası demək deyildir. Bir pis rəhbərə və ya uyğunsuz mühiti olan firmaya görə özünüzə zərər verməməli və özünüzə məsuliyyətsizlik kimi pis vərdiş aşılayamamalısınız.
Əgər insan hansısa iş yerində təqdir olunmursa, o zaman onun çox sadə çıxış yolu var - iş yerini dəyişmək. Əgər işə yaramırsa, o zaman özünüzə suallar verməyə başlamalısınız.
Əsas sual belədir - əgər bu gün mən 1000 manat (şərti rəqəmdir) əmək haqqı alıramsa və digər şirkətlərdən 1001 manat kimi bir təklifim yoxdursa, bu, yalnız bir şey deməkdir: mənim əmək bazarında hazırkı ala biləcəyim rəqəm 1000 manatdır. Və belə bir durumda yalnız bir çıxış yolu var - yüksəlmək üçün inkişaf etmək. Hər tərəfli
Mənfi aurası olan rəhbərlərlə pis şirkətdə işləmək ömürlük bir cəza deyil – bu sadəcə indiyə olan bir faktdır. Lakin insan firmadan intiqam almağa qərar verərək öz hökmünü verir.
Mən tez-tez belə bir şirkətdə işləyən tamamilə iddialı bir gəncin bir ildən sonra təslim olduğu və özü də fərqndə olmadan təhlükəli comfort zonasına girdiyi bir vəziyyəti müşahidə edirəm: inkişaf etmir, öz üzərində işləmir, imkan verir ki, şirkətin bataqlıq aurası onu öz bataqlığına salsın.
4 il keçir. Bu şəxs böyük və mühiti müsbət olan bir şirkətin iş elanını görür. O özünü o işə hər cəhətdən uyğun görür. Müraciət edir. CV-si qəbul olunur və müsahibəyə çağırılır. Amma işə alınmır. Niyə? Yenə hər şey sadədir - qeyri-peşəkar mühiti olan bir şirkətdə illərlə qalmaq bu insanın hüceyrələrinə qədər orda olan hər məqamı hopdurudb. Nəticədə isə bu gün bu insan 4 il öncə olmaq istəmədiyi iş yoldaşları kimi olub.
Belə hallarda nə etmək lazımdır?
- İlk növbədə, firmadan qisas almaq səviyyəsinə enməyi qəti şəkildə özünüzə qadağan edin. Bu həm emosional, həm də uzun müddətli vərdişlər baxımından səhv yanaşmadır;
- Qeyri-sağlam atmosferi olan bir şirkətdə işlyirsinizsə, özünüzə orada rahatlamağı qadağan edin. Bataqlıqda bataqlıqda daha yüksək maaş almaqdansa, korporativ dəyərləri olan bir şirkətdə daha az maaşla işləmək daha yaxşıdır. Birinci şirkətdə bir mütəxəssis kimi insanın bazar dəyəri zamanla təbii olaraq artacaq.
- Qeyri-sağlam aurası, intellektual və mədəni səviyyəsi aşağı olan şirkətlərdə çalışan insanlar üçün peşəkar əhatənin rolu xeyli artır. Təkzibedilməz bir faktdır ki, ətrafımızda olan və ünsiyyətdə olduğumuz insanların bizə təsiri böyükdür- jestlər, söz ehtiyatı, düşüncə tərzi bizə özümüz də fərqində olmadan keçir. Məhz bu səbəbdən şirkətdə olan mənfi aura və insanların təsirini işdən kənar insanlarla və peşəkarlarla görüşlərlə balanslaşdırmaq lazımdır;
- heç vaxt unutmamaq lazımdır ki, insanın nə qədər güclü biliyi olsa da, onun hansı korporativ dəyərlərin daşıyıcısı olması bəzən bilikdən daha da əhəmiyyətli olur. Təsəvvür edin, bir insanın hansısa sahədə yüksək səviyyədə bilikləri var, lakin son 4 ildə iyrənc mühiti olan bir şirkətdə işləyir – insanlar biri-birilərinə tələlər qururlar, dedi-qodular şirkətdə normal haldır, vs. Bu mühit içində işləyən insan özü də fərqndə olmadan bu atmosferin bəzi davranışlarını mənimsəyir - söhbət əsnasında kiməsə söz atmaq, iş yoldaşını ələ salmaq, rəhbərin qərarlarını mənfi baxış bucağından müzakirə etmək. Bununla yanaşı o insanın geyim tərzi, xarici görünüşü, bədən dili də dəyişməyə başlayır. Bilirsiniz bu nəyə bənzəyir? Siqaret çəkməyən insanın siqaret çəkildiyi otaqda vaxt keçirməsi kimidir - bir neçə saatdan sonra siqaret çəkməməsinə baxmayaraq, siqaret pis qoxusu onun üzərindən də gəlir. Şirkət mədəniyyəti və dəyərləri də eynidir – insane hopurlar;
- bəzən elə olur ki, bizim seçim azadlığımız yoxdur – mənfi mühiti olan olan şirkətdə işləməliyik. Şirkətdə mədəniyyətin dəyişəcəyini gözləməyin – amma siz bir gün dəyişəcəksiniz. Bu səbəbdən özünüzə rahatlamağa və şirkət mədəniyyətində əriməyə imkan verməməlisiniz;
- daimi peşəkar inkişaf sizin həyat tərziniz olmalıdır. Oxuyun, sektorunuzda və sahənizdə peşəkarlarla ünsiyyət qurun, videolar izləyin, audio kitabları dinləyin. Hər gecə özünüzə bir sual verin: “Son 24 saat ərzində mən 10 il sonrakı özüm üçün nə etmişəm?”;
- əsla firma adamı olmayın - peşə adamı olun. Bu o deməkdir ki, siz özünüzü ətraf mühitə və biznes ictimaiyyətinə bir növ şirkətə bağlı şəxs kimi təqdim etməməlisiniz. Bunun üçün nə etməli? Növbəti maddə bununla bağlıdır;
- heç kim hansısa bir şirkətdə işləməyə məcbur və ya məhkum deyildir. Zamanla bilikləriniz artdıqdan, baxışlarınız, təcrübəniz genişləndikdən doğru korporativ mədəniyyətə malik şirkətlərdən təkliflər almağa başlayacaqsınız. Əgər bu təkliflər bu gün sizə gəlmirsə, bunun iki səbəbi ola bilər: ya siz öz bilikləriniz və korporativ mədəniyyətinizlə bu şirkətlərin səviyyəsinə uyğun gəlmirsiniz ya da sizin bilikləriniz var, amma şirkətlərin varlığından xəbərləri yoxdur;
- yuxarıda qeyd olunan hər şey: həm bilik səviyyəsini artırmaq, həm də şəbəkələşmə - bütün bunlar gözəl və yaxşıdır. Bu sözlərin arxasında konkret məqsədlər, yazılı planlar və əlbəttə ki, icra olmalıdır. Məqsədləri necə yazmaq və planlar necə qurmaq olar? Sadə bir misal: bu il üçün məqsəd öz sahəm üzrə şəhərin bütün məşhur və təcrübəli mütəxəssisləri ilə şəxsən görüşməkdir. İl üçün planlar: mənim şəhərimdə 24 mütəxəssis var : ayda 2 nəfərlə görüşmək olar. Ayda 2 dəfə bu insanları bir fincan qəhvəyə dəvət edəcəm. Məqsədlər və planlar sadə görünür. Sonra isə ən çətin hissə gəlir: içinizdəki bütün stereotipləri qırmaq, tanımadığınız insanlara yazmaq və onları görüşə dəvət etmək;
- insan yaşlandıqca comfort zonasına doğru sürüşməyə daha çox meyilli olur - işdən sonra divanda uzanmaq, passiv şəkildə istirahət etmək, televizorun qarşısında oturmaq istəyi artır. İnsan özünü ələ almalı və qısa meddətli zövqləri uzun müddətli məqsədləri üçün qurban verməyi öyrənməlidir : axşam saatlarında televizoru kitaba dəyişmək, işə gedərkən radioya müsiqi deyil audio kitablar dinləmək, axşam bir divanda uzanmaq yerinə isə idman zalında məşq etmək;
Bu yazımı qısa bir cümlə ilə ümumiləşdirmək bu şəkildə olar – biz öz karyeramız və işlərimiz, yüksəlişimiz üçün xarici təsirlərdən asılı olmadan məsuliyyəti tam öz üzərimizə almalıyıq.
Fəxri Ağayev, peşəkar idarəçi, idarəetmə üzrə təlimçi