Bu gün biz Sizlərlə bərabər Azərbaycanda iş dünyasının qarşılaşdığı, hamımızı – iş adamlarını, sahibkarları, idarəçiləri, gəncləri maraqlandıran və birbaşa Azərbaycanın gələcəyi ilə əlaqəli bir mövzu haqda danışacağıq. Mövzunun adını təyin etməkdə çətinlik çəkdim.. və mövzumuz budur: Azərbaycan iş dünyasında dərin böhran.
Eləcə də bax: Fəxri Ağayev: “Maaşdan maaşa yox, borcdan borca yaşayırıq” – MÜSAHİBƏ
Son bir ayda sosial media hesablarımda insanların nəbzini tutmaq, düşüncə tərzini hiss etmək məqsədli ilə bəzi öncədən hesablanmış yazılar, statuslar, suallar paylaşdım. Buna əlavə olaraq iş həyatında daim aktiv bir insan olduğuma görə Azərbaycan biznesinin real vəziyyətini, əmək bazarının durumunu – yəni praktikada gördüklərimlə sosial mediada olan paylaşımlarımdan aldığım nəticələr məni sözün doğrusu üzdü.
Bu gün Azərbaycan iş dünyası dərin bir böhran yaşamaqdadır – amma bununla bağlı iki ana məqam var. Biz o böhranı yalın gözlə görmürük, və bizə elə gəlir ki. zavod fabrik tikməklə, şirkət qurmaqla işlərimiz düzələcək və məsələnin dərinliyini anlamadan bütün məsələləri bağlayırıq sahibkarlar və biznesin savadsızlığı, tamahı, çox qazanma hissinə.
Maraqlı və paradoksal bir vəziyyət var ölkəmizdə bu gün – bir tərəfdən şirkətlər, biznes, iş dünyası, yəni bizlər DAİM insan axtarışındayıq və iddia edirik ki, firmalarımıza işçi tapmaq çətindir.
Digər tərəfdən iş axtaran və iş tapmaqda çətinlik çəkən gənclər və orta yaşlı insanlar var.
Belə bir vəziyyətdə hansısa inkişaf və ya biznesin gələcəyindən danışmaq belə mümkün deyildir.
Digər mühim məsələ. Böyük holdinq və firmalar maddi imkanlarının güclü olduğuna görə ölkədə olan az sayda bütün güclü kadrları alırlar və kiçik və orta sahibkar və şirkətlərin peşəkar və mütəxəssis seçmə imkanı olmur. Kiçik və orta sahibkar burada çıxış yolunu məntiqli və haqlı olaraq sıfırdan gəncləri alıb yetişirməkdə görür. Və yenə də itirir. Kiçik şirkət bir gənci sıfırdan alır, yetişdirir – və yenə də güclənən gənc gedir daha yüksək maaş verə bilən və daha yaxşı mühit və şərtlər təmin edən böyük holdinqə.
Günah kimdədir?
Kiçik və orta sahibkarın holdinqlə eyni mühiti təmin edə bilməməsi normaldır.
Holdinqlərin davranması da normaldır - əmək bazarında imkanları geniş olan qurum güclü kadrı alır. İş yerini dəyişdirən gənclərin də günahı yoxdur – heç kim ömrünün sonuna qədər ona işi öyrədən yerdə qalmaq məcburiyyətində deyildir və hərkəsin daha yaxşı şərtlərdə işləmək haqqı var.
iqtisadiyyatın ciddi hissəsini təşkil edən, onurğası olan kiçik və orta biznes bu gün gördüyüm qədəriylə artıq insan yetişdirməkdən bezib və buna görə də sahibkarlarımız ciddi stres yaşayır.
Problemin bir hissəsi odur ki, ölkədə bu gün iş axtaranların – həm gənclərin, həm də orta yaşlı insanların özləri belə fərqində olmadan bir neçə ÇOX vacib məsələdə səhv edirlər. Öz bilik və bacarıqlarını doğru qiymətləndirmirlər və bunun nəticəsi olaraq iş dünyası onlara iş təklifini etmir. Buna əlavə olaraq, təcrübəm göstərir ki, iş axtaranların böyük hissəsinin iş dünyası, maaş, əmək bazarı, karyera, işə başlama kimi mühim mövzularda ən primitiv məlumatları belə yoxdur. Bütün bunlarla bərabər iş tapmaqda çətinlik çəkənlərin böyük hissəsində “şirkət mənə etməlidir, sahibkar mənim qayğıma qalmalıdır” kimi iddiaları olmaqla bərabər özünün şirkətə verə biləcəyini düşünmürlər. Oyun bir qapıya olur – ancaq sahibkarın əleyhinə.
Vəziyyəti gərginləşdirən bir durum daha – “sahibkar tamahkardır, insanları çox işlədib az maaş ödəmək isəyi” kimi fikirlər hökm süür cəmiyyətdə. Sahibkar az ödəmək istəmir : sadəcə çox ödəmə imkanı yoxdur. Bu sadə riyaziyyatdır – şirkət yüksək maaş ödəsə, xərcləri artır - qiymət artımı olacaq – rəqabətdə uduzacaq –maaş ödəyə bilməyəcək – maaşlar azalmalı olacaq. İnsanlar iş tapacaq, amma firma çökəcək.
“Sahibkar çox qazanmaq istəyir” iddiası var. Doğru da edir. Haqqıdır. Haqqı deyil mi? Adam risk edib, borclanıb, illərlə iş görüş, qazanmaq da haqqıdır. Heç bir riskə girmədən rahat, risksiz, dövlət qurumları, müştərilər, işçiləri qarşısında TAM məsuliyyəti üstünə alan insanı tənqid edən biri bunu etmədən öncə çıxsın küçədə sadə bir kiosk açsın və qazanmağa çalışsın. Əsl sahibkarlıq yükünü o zaman anlayar.
Son bir ayda statuslarımda apardığım kiçik araşdırma onu göstərdi ki, fərqli yaş təbəqələrindən olan insanlar Azərbaycanda dürüstlüklə insanın uğurlu olacağına, zəhmətin nəticə verməsinə inanmırlar. Belə fikir var ki, savad vacibdir – amma savadın ölkədə vacib deyil. Və bir çox hallarda nümunə olaraq bisavad birinin rəhbər təyin edilməsi haqda deyilir. Reallıq budur. Doğru deyirlər.
İndi isə gəlin orta statistik bir Azəbaycanlı gəncini düşünək. Yevlax, Kürdəmir, Ucar, Masallı, Xaçmazda yaşayan bir gənc. 18 yaşı var. Müəllimini görür. Dərs deyən, dürüst müəllim. İllərdir geydiyi köhnə geyimlərdə. Sökülmüş Rusiya istehsalı çürük avtomobildə. Axşamları həyət yanı sahədə işləyir. Və bir dövlət məmurunu. Bahalı avtomobil. Lüks həyat. Ağalıq edir hər yerdə. Sözü də keçir. Məclislərdə yuxarı başda oturur. Xəstələnəndə ürəyi istədiyi ölkəyə gedə bilər. Bu gəncə gecə-gündüz savad, dürüstlük, zəhmət haqda danışın – xeyri olmayacaq, çünki gördüyü mənzərə və reallıq başqadır.
Regionlarımızdan birində bir dəfə 100 nəfərlik gənclər qrupuna çıxışımdan öncə bir sual verdim : “bu salonda neçə nəfər Azərbaycanda halal zəhməti ilə karyera qura biləcəyinə inanır?”... Bir neçə nəfər xaricində heç kim inanmadı. Bu gün ölkəmizdə durum budur.
İndi isə 22 yaşlı bir gəncin vəziyyətini təsəvvür edin.
- Ali təhsillidir – amma biliyi və savadı yoxdur;
- Hesab edir ki, ali təhsilli olduğuna görə yüksək maaş almalıdır – amma firmaya fayda verə bilməyəcək;
- inanır ki, savad boş şeydir, əsas bəxt və day-daydır;
- Zəhmət çəkməyin lazımsız olduğuna inanır.
Bu gəncin iş tapma və daha sonra da uğurlu olma ehtimalı nə qədər yüksəkdir?
İş dünyası bu gəncə necə iş versin?
Və təbii ki, bu gəncdə ümidi ancaq day-daya qalacaq. Ölkədə isə bu qədər day-day yoxdur sadəcə.
“Xaricdə oxuyanlar ölkəni xilas edəcək” deyə bir düşüncə var.
Bu da səhvdir.
Bir hissə xaricdə oxuyanlar əslində xaricdə “oxuyurlar”. “Xaricdə təhsil” olduqca nisbi və geniş anlayışdır. Avropanın, Amerikanın, keçmiş SSRİ ölkələrinin 2.ci dərəcəli universitetlərində pul qarşılığında “təhsil” və diplom alan və 4 il nəticəsində təhsil aldığı ölkənin dilini belə bilməyən bir insandan ölkəni yox, özünü belə xilas edəcəyini düşünmək utopiyadır.
Xaricdə keyfiyyətli təhsil alanlar isə bir neçə hissəyə bölünür.
Birinci hissə ümumiyyətlə ölkədə dönmür.
İkinci qrup ölkəyə dönür, amma xaricdə elə havalara girir ki, artıq Azərbaycanı bəyənmir. Bir neçə il öncə xaricdə təhsil alanlardan biri “Mən hələ Azərbaycanlaşmamışam” deyə fikri yüksək səslə ifadə etmişdi. Bu qrup əllərində take-away kofe ilə Azərbaycanı bəyənmir və özünü buradan çox üstün görür. Bunlardan ölkəyə xeyir gəlməz.
Üçüncü qrup isə savadlıır, ölkəni də sevir, amma bizdən 50 il irəlidə olan qərb təhsili ilə buranın reallıqlarını beynində uyğunlaşdıra bilmir. İşlədiyi yerlərdə psixoloji stres yaşayan bu gənclər köhnə beyinli insanların təzyiqlərinə məruz qalıb “mən də gəlməməliydim” düşüncəsi ilə həyatına davam edir.
Gənclərin günahı var mı? Əsla. Bu gün Azərbaycan gəncləri mühitin nəticələridir sadəcə.
Valieyinlərin günahı varmı? Əsla. Bu günkü gənclərinm valideyinləri ağır 90-cı illərdə ancaq günü keçirmək və çörək qazanmaq yolları axtarışında olublar.
“Ölkədə zavod fabrik qurulsa, hər şey düzələcək” fikri də səthi yanaşmadır, çünki o zavodlarda-fabriklərdə işləyəcək savadlı, əməyə və zəhmətə inanan bir işçi qüvvəmiz yoxdur. Tələb edilən maaşlarla isə o zavodların məhsulları heç daxildə belə satılmaz.
Tibbdə xəstəliyin müalicəsinə iki növ yanaşma var. Dəridə problem olanda bir həkim xəstəyə deyir ki, bu məlhəm istifadə et yaranın üstünə, keçəcək. Problem görüntü olaraq aradan qalxır və gözə görünmür. Amma daxildə o problemi yaradan məsələlər qalır və daha da böyüyür. Amma savadlı və dərin düşünən həkim xəstəni analiz verməyə göndərir ki, problemləri dərindən həll etsin. Bir dəfəlik.
BƏS HƏLL YOLU NƏDİR?
Hesab edirəm ki, bu gün Azərbaycanda biznesimizdə yaranan problemin həlli ANCAQ və ANCAQ TƏHSİLDƏDİR. Ölkədə gənclərimizin, məktbədə oxuyan şagirdlərin çox keyfiyyətli təhsil alması vacibdir və mütləq şərtdir. Bu təhsili də maaşından, həyatından, statusunda ÇOX RAZI müəllimlər verməlidir.
Yevlaxda da, Nabranda da, Beyləqanda da yaşayan gəncimiz eyni səviyyədə, eyni klasda, eyni dərinlikdə təhsil almalıdır ki, ölkədə gənclərin, kadrların ümumi bilik səviyyəsi, dünyaa baxışı dəyişsin.
İş dünyası savadlı və doğru düşünən, zəhmətə inanan, dürüstlüyün vaciblinyinə inanan kadrlar olmadan əsla və əsla inkişaf edə bilməz. Eksport siyasətləri, xarici investorların cəlb edilməsi, zavodların, fabriklərin inşa edilməsi gözəl ideyalardır – amma kadr olmadan boşa xərclənən milyardlar olacaq.
Sonda isə daim yazdığım və müsahibələrimdə dediyim bir cümləni bir daha yazıram – ölkədə ciddi, dərin inkişafın olması üçün MÜƏLLİMLƏRİMİZİ BAŞ TACIMIZ ETMƏLİYİK