Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olublar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qonaqları ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov qəbul edib.
İlk olaraq qonaqlara ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlərlə biznes sektoru arasında əlaqələrin inkişafı, habelə kadrların yenidən hazırlanması sahəsində beynəlxalq təhsil proqramlarının təşviqi istiqamətindəki imkanlarından bəhs edib.
Öz növbəsində Sabancı Universitetinin nümayəndələri universitetin liderlik proqramlarının yaranma tarixi, əsas məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər. Keçirilən təlimlərin rəhbər kadrların və əməkdaşların peşəkar inkişafına, idarəetmə və liderlik bacarıqlarının təkmilləşdirilməsinə verdiyi töhfələri vurğulayıblar. Həmçinin bildiriblər ki, Universitet Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlərlə əməkdaşlıq edir və bu çərçivədə biznes nümayəndələrinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlim proqramlarının həyata keçirilməsinə xüsusi önəm verilir.
Daha sonra tərəflər təhsil sahəsində əməkdaşlıq imkanları və universitetlərlə biznes sektoru arasında əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.














