Uğur qazanmaq üçün irəli addım atmağa ehtiyac olmadığını deyir. Bunun üçün onun üsulu başqadır. Bildirir ki, indiki halda uğur qazanmaq üçün cəmiyyətin səndən tələb etdiklərini edib yatırsansa, çox rahat olur. Bunu edə bilməyənlər isə avtomatik olaraq geri düşürlər. Və sən bir də görürsən ki, öndəsən. "Bu xarakterimi hər zaman işimdə də tətbiq etmişəm” – deyən müsahibimiz Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi əmirliyində yaşayan, orada "Weatherford” şirkətində "Neft və Qaz quyularının tamamlanması üzrə sahə mütəxəssisi” vəzifəsində çalışan həmyerlimiz Pərviz Həsənovdur.
Qeyd edək ki, P.Həsənov 1986-cı ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Akademiyasında (İndiki Neft və Sənaye Universiteti) Qaz-Neft-Mədən fakültəsində mühəndislik üzrə oxuyub.
Bildirək ki, "Xəyalımdakı gələcək” kitabının müəllifi olan P.Həsənov ölkədə olduğu müddətdə eyniadlı təlim və seminarlar da keçir.
- İxtisas seçimi karyera üçün önəmlidir. Ona görə mühəndisliyi seçməyinizlə başlayaq. Bu, öz istəyinizlə olmuşdu?
- İndi əldə etdiklərim 9-cu sinifdə oxuyan Pərvizin xəyallarının reallaşması üzərində qurulan bir həyatdır. Çünki 9-cu sinifdə oxuyanda artıq qarşıma məqsəd qoymuşdum ki, iş adamı olum, gözəl maşın, ev və s. əldə edə bilim. 11-ci sinifdə ixtisas seçimi məqamı gələndə riyaziyyat müəllimim dedi ki, neft sektoruna get, orada xəyallarına çatmaq üçün lazımi məbləği özün qazana biləcəksən. Ona görə bu sektoru seçdim. Mən mühəndislikdən, ümumilikdə neft sektorundan xəyalıma çatmaq üçün istifadə etmişəm. Bu, yaxşı mənada mənim üçün bir vasitə oldu. Oradan əldə etdiyim gəlirlə xəyallarımı gerçəkləşdirmişəm. Məni işləməyə motivasiya edən xəyallarımdır. O istəklərim reallaşandan sonra artıq yeni məqsədlər yarandı.
- İndi hədəfiniz nədir?
- 10-cu sinifdən bu yana günlük planlarımı yazıram. Mənim hər dövrlə bağlı müəyyən hədəflərim olub və onlara çatmaq üçün çalışmışam. Hazırda 32 yaşım var və indi 40 yaşa qədər olan hədəfimə fokuslanmışam. Hədəflərimə görə, 40 yaşımda səhər "budilnik”lə oyanmaq məcburiyyətim olmayacaq. Cəmiyyət məndən işə qaçmağı tələb etməyəcək. Həmin günü necə keçirəcəyimə özüm qərar verəcəm. Hazırkı hədəfim budur və bunun üzərində işləyirəm.
- Bunun üçün necə çalışırsınız ki?
- Hazırda neft sektorunda işləyirəm. Burdan əldə etdiyim qazancla sabit gəlir yaratmağa çalışıram. 40 yaşıma 8 il var. Bu müddətdə qazandığım gəlir, görəcəyim işlər mənə sonrakı həyatımı istədiyim kimi yaşamağa kifayət edəcək. O zaman artıq neft sektorundan uzaqlaşacam.
- Sonra nə etmək fikrindəsiniz?
- Ancaq yaradıcılıqla məşğul olacam. Seminar və təlimlərə daha çox vaxt ayıracam, daha çox insanların həyatlarına toxunacam, onların uğur qazanmaqlarında vasitəçi olacam.
- Deyəsən, bundan xüsusi zövq alırsınız...
- Bəli, çox. Tək özümün deyil, başqalarının uğur qazanmasında müəyyən qədər payımın olması mənə çox böyük motivasiya verir.
- Bu, sizin üçün maraqlıdırsa, deməli, çatdırmaq istədikləriniz çoxdur. Maraqlıdır, təlim və seminarlarınızda karyeralarına yeni başlayanlara əsas nəyi çatdırmağa çalışırsınız?
- Bizdə adətən, insanları belə öyrədirlər ki, dərslərini yaxşı oxu, sonra universitetə qəbul ol. Ardınca da əgər bacarsan, xarici şirkətdə işləməlisən. Alınmasa, Azərbaycanda yaxşı bir şirkətdə gözəl karyera qurmalısan. Burda da gələcəyin yüksək yer menecer vəzifəsi olur. Və bu yolun sonuna çatanda anlayırsan ki, bütün ömrünü kiməsə xidmət etməklə keçirmisən. Hazırda mühəndislik oxuyan gənclərin çoxu bu gün mənim indiyə qədər işlədiyim 3 şirkətdə çalışmaq istəyir. Mən də yola ordan başlayıram, bu şirkətlərdə necə karyera qurmağı göstərirəm. Artıq bişmiş mərhələyə çatanda həm də göstərirəm ki, axtardığınız uğur əslində, bu deyil və onlara əsl xoşbəxtlikdən danışmağa başlayıram.
- Əsl xoşbəxtlik nədir ki?
- Həyatda xoşbəxtlik sanılan bütün məqamlara çatandan sonra öz formulumu formalaşdırdım: Ailə + Karyera + Sən = Xoşbəxtlik. İnsanlar bu formulda üçüncü punktu hər zaman təxirə salırlar. Buna görə də nə qədər uğurlu ailə həyatı və karyeraları olsa da, daxillərində həmişə bir boşluq olur. O boşluq özləridir. İnsan günün ən azı 1 saatını özünə ayırmalı və onu xoşbəxt edən fəaliyyətlərlə məşğul olmalıdır. 24 saatını yalnız karyerasına və ailəsinə sərf edən insan heç vaxt xoşbəxt ola bilməz. Evdə xanımım ən azı bir saatlığına uşaqları məndən uzaqlaşdırır və otaqda tək qalıram. Bu zaman dilimini özümü yaxşı hiss elətdirən bütün hobbilərimlə məşğul oluram: rəsm, gitara, rəqs, kitablarım, filmlər.
- Hər kəsin arzusu çox olur, heç də hər kəs onların arxasınca getmir. O arzuların arxasınca getmək üçün sizə təsir edən, bu yolda sizi istiqamətləndirən olubmu?
- Məni yaşıdlarımdan fərqləndirən əsas xüsusiyyət xəyalpərəst olmağım və xəyallarımın reallaşacağına inanmağım idi. Bizdə insanlar, adətən həyata səbəblər dairəsindən baxırlar, "hazırkı ailə şəraitim, yaşadığım ölkə və aldığım təhsillə uzaqbaşı filan yerlərə qədər gedə bilərəm” düşünürlər. Amma mən həmişə həyata istəklər tərəfindən baxmışam. Səbəblər tərəfdən baxsaq, "ovaxtkı Pərvizdən indiki ola bilərdimi” sualına cavab "heç vaxt” deyilərdi. Amma mən xəyal etmişəm, inanmışam. Onu da deyim ki, həmişə qarşıma doğru insanlar çıxıb, yol göstəriblər və mən o yolu tutub getmişəm. Məsələn, 11-ci sinifdə riyaziyyat müəllimimin mənə neft sektorunu məsləhət gördü. Yaxud bu gün xaricdə karyera qurmağımın səbəbkarları həm də mentorlarım olub. Xaricdə karyera qurmaq istəyəndə artıq onlar bunu etmişdilər və getdikləri yolu mənə də göstərdilər. Mən həmişə ətrafıma yox, məhz uğurlu adamlara baxmışam. Ətrafımdakılar "mən hara, xarici ölkədə işləmək hara?” dedikləri bir vaxtda mən mentoruma inanmışam.
- Universiteti bitirən kimi "Schlumberger” şirkətində işə başlamısınız. Bu şirkətə düşməyiniz necə oldu?
- "Schlumberger” Fransa şirkətidir və Azərbaycanda da fəaliyyət göstərir. Həmin şirkət hər il yay aylarında "Yay işçisi” adlı proqram həyata keçirir. Seçdikləri tələbəni yayda bir ay işlədirlər, həm də onu kadr olaraq tanıyırlar. 3-cü kursda oxuyanda dostumun "Pərviz, baş vur, səndə alınar” sözlərindən cəsarətlənib mən də həmin proqrama müraciət etdim. Bütün sınaq mərhələlərindən uğurla keçdim, sonda müsahibə etdilər. Mənimlə yanaşı, ora xaricdə təhsil almış şəxslər də baş vurmuşdu. Mən isə sadəcə olaraq bakalavrın 3-cü kursunda idim. Amma məni seçmişdilər. Çünki məndə yüksək dozada motivasiya var idi. Müsahibədə onların qarşısına çıxanda "kəsilərəm” kimi bir qorxu da yaşamırdım. Müsahibənin səhəri günü tələbə yoldaşlarım mənim müsahibə rəqiblərimdən soruşdular ki, niyə Pərviz seçildi? Dedilər ki, Pərviz həmin adamda təsirli iz buraxdı. Seçilməyimin əsas səbəbi o oldu ki, ambisiyamı, məqsədlərimi onlara çatdıra bilmişdim. Dedim ki, filan məqsədlərim var və onlara çatmaq üçün sizin şirkətdə hər şeyi edəcəm. Bu, məndən müsahibə götürən adama təsir etmişdi. Bir aylıq müddəti müvəffəqiyyətlə başa vurdum və bu, mənim məzun olan kimi o şirkətdə işə götürülməyimə səbəb oldu. 22 yaşımda artıq "Schlumberger” şirkətində mühəndis idim.
- Birləşmiş Ərəb Əmirliklərinə işləməyə başlamağınız necə oldu?
- Universiteti bitirəndə "Schlumberger”də işə başlamışdım. Orada özümü mütəxəssis kimi yetişdirmək üçün əlimdən gələni etdim, sonra artıq xarici layihələrə göndərilməyə başladım. Şirkətdə özümü elə göstərmişdim ki, xarici ölkədə layihə olan kimi menecer məni seçirdi. Mən də dəlicəsinə cəsarətimlə bütün proyektləri qəbul edirdim. Hətta toyuma hazırlaşarkən eyni zamanda Liviyaya getməyə viza hazırlığı gedirdi. Toyumdan 17 gün sonra Liviyaya yollanmışdım. Bu cəsarətim hər zaman mənə uğur gətirirdi.
Amma həmin dövrdə bir gəlirimə baxırdım, bir də xəyallarımı düşünürdüm. Gördüm ki, mən bu gəlirlə xəyallarıma çətin çata bilərəm. Normal gəlirim olacaq, ailəmi idarə edəcəm, amma o xəyalımdakı həyatı yaşamaq qismət olmayacaq. Deməli, xarici mütəxəssislər kimi yüksək gəlir qazanmaq istəyirəmsə, mən də onlar kimi beynəlxalq dərəcəli mütəxəssis olmalıyam və hər hansı xarici ölkəyə köçməliyəm. Amma yaxşı işçi olmağın bir mənfi cəhəti var ki, səni heç yerə buraxmırlar, şirkət mənim digər ölkədəki şöbələrə keçməyimi istəmirdi. Amma bir gün "Schlumberger”in əzəli rəqibi olan "Baker Hughes” amerikan şirkətinin Ərəb Əmirliklərində olan bölməsindən mənə iş təklifi gəldi. Təklif edilən maaş əslində çox yaxşı idi və mən bunu təsdiqləmək istəyirdim. Lakin Venesueladan olan mentorumdan məsləhət aldım, dedi ki, məbləği artır. Dedim ki, olmaz, bu fürsətdir, amma o məbləği artırmağımı israr etdi və mən o dəliliyi edib daha böyük məbləğdə maaş istədim. Düzü, şirkətin bunu qəbul edəcəyini düşünmürdüm, amma razı oldular. Xarici şirkət işə dəvət edəndə ev məsələsinə də müəyyən məbləğ ayırır. Mentorum mənə dedi ki, sən o məbləği də artır. Hətta dedi ki, xəyalında yaşamaq istədiyin evin məbləğini tələb et. Yüksək maaş tələbimlə razılaşandan sonra şirkətə yazdım ki, ev pulunu bu qədər istəyirəm. Onu da qəbul etdilər. Azərbaycandakı işimdən ayrıldım, şəxsi biznesim var idi, onu da bağladım və BƏƏ-yə köçüb həmin şirkətdə işə başladım. Əslində, belə baxanda ora qədər nağıl xoş sonluqla bitirdi. Xəyalımdakı ev, arzularımın maşını, istədiyim maaş, ailəm yanımda, yəni hər şey yaxşı idi. Müəyyən müddət sonra şirkətin öndə gedən işçilərindən birinə çevrildim. Zaman gəldi, bir nömrəli işçi oldum. Bizim işimiz sahədədir. Neft sektorunda bir nömrəli işçi o deməkdir ki, artıq zamanının çoxu sahədə keçir. Əvvəl ayın 2 həftəsini sahədə keçirirdim, sonra bu 20 gün oldu, daha sonra 25 və artdı. Artıq elə bir yerə gəldi ki, ayın 28-29 gününü sahədə keçirirdim. Ailəm o ölkədə olsa belə, onların üzünü ayda iki-üç dəfə görürdüm. Gəlir var, ailəm də o ölkədədir, amma mən yaşamıram. Həyatımı yenidən dəyişməli idim. Həmin şirkətin əzəli rəqibi olan bir şirkətin baş menecerinə yazdım ki, filan keyfiyyətdə mütəxəssisəm, istəsəniz, sizdə çalışa bilərəm. Özümü onlara təqdim etdim və həmin andaca yazdılar ki, nə vaxt görüşə bilərik? Görüşdük və dedim ki, mənə elə bir müqavilə verin ki, ailəm vətəndə qalsın, amma mən öz ölkəmə tez-tez gedə bilim. Razılaşdılar, bu, indi çalışdığım şirkətdir. İşlədiyimin yarısı qədər istirahət edirəm. İki ay işləyən kimi bir ay istirahət imkanım yaranır, onu da Azərbaycanda keçirirəm, təlimlərimlə, seminarlarımla.
- Ailədən uzaqda sizə çətin olmur?
- Çətindir, amma özümü hazırda başqa bir şirkətə təqdim etməyə hazırlaşıram (gülür). Bu dəfə elə bir müqavilə istəyəcəm ki, işlədiyim qədər istirahət edim. Bir ay iş, bir ay istirahət. İlk övladımın necə böyüdüyünü görmədim, həyatım neft mədənlərində layihələrlə keçdi, ikinci övladımda bu səhvi düzəltdim, artıq iş telefonumu təmiz söndürüb ailəmə fokuslana bilirəm.
- Özmotivasiyalı olduğunuzu dediniz. Əvvəldən belə olmusunuz?
- Həmişə pozitiv olmuşam. Həm də insanın maddi sıxıntı yaşamağı ona çox kömək olur. Çünki itirəcəyin bir şey olmur. Maddi problemin varsa, onsuz da həyatı itirmiş kimi yaşayırsan. Hansısa bir addımı atanda "alınmaz” deyə qorxun olmur. Alınsa, daha gözəl, alınmasa, yenə də həmin vəziyyətdəsən. Amma mən həmişə alınmasına fokslanmışam. Çox istədikcə, inandıqca həmişə alınır və mən buna hər dəfə daha çox əmin oluram.
- Maddi sıxıntı məsələsinə toxundunuz. Siz maddi cəhətdən necə ailədə böyümüsünüz?
- Atamın peşəsi evləri təmir edən usta idi. Bütün ailə onun qazancı ilə dolanırdı. Kimsə evini təmir etdirmək istəyəndə atama sifariş verirdi, o işləyirdi, həmin ay pulumuz olurdu. Sifariş olmayanda pul da olmurdu. Bu, mənim motivasiyamı aşağı salmırdı, əksinə nələrsə etmək cəhətdən daha da güclü olurdum. O gücü mən bu gün neft sektorunda istifadə edirəm. İnsanlar adətən işlərini itirməkdən qorxurlar, amma məndə belə qorxu da yoxdur. İşimi itirsəm, yenə əvvəlki həyatıma - Sumqayıta rahatlıqla qayıda bilərəm. Bu gün xəyalımdakı maşınları sürürəm, amma sabah 30 qəpik verib ictimai nəqliyyatla da gedərəm. Bunun mənim üçün hər hansı sıxıntısı yoxdur. Hər zaman onun mübarizəsini aparmışam ki, gəlirim nə qədər çox olsa da, pul məni dəyişməsin. 10 ildir ki, böyük şirkətlərdə karyera yolunda davam edirəm, amma hər zaman Sumqayıta qayıdıb əvvəlki həyatımı yaşaya biləcəyimi də düşünürəm. Bir nüansı da vurğulayım ki, mən imkanlı bir ailənin uşağı olsaydım, onlar maddi dəstəklərilə mənə xaricdə təhsil versəydilər və o təhsillə beynəlxalq bir şirkətdə işə düzəlsəydim, bu gün gənclərin qarşısına çıxıb danışacağım bir həyat hekayəm olmazdı. Hər şey onsuz da planlaşdırılmış kimi gedərdi.
- Bir nömrəli işçi olmaq məsələsini qeyd etdiniz. Bunun hər hansı sirri var?
- Özümdən danışsam, məktəb illərindəki xarakterdir ki, üstümə oturub. 9-10-11-ci siniflərdə "İlin şagirdi” olmuşam. Mənim xüsusi istedadım yoxdur, amma çalışırdım. 11 il hər gün ev tapşırığını hazırlayıb məktəbə gələn bir şagird təsəvvür edin. O mənəm. Bu, bir nizam-intizam idi. Uğur qazanmaq üçün önə addım atmağa ehtiyac yoxdur. Uğur qazanmaq üçün cəmiyyətin səndən tələb etdiklərini edib yatırsansa, çox rahat olur. Bunu edə bilməyənlər isə avtomatik olaraq geri düşürlər. Və sən bir də görürsən ki, öndəsən. Bu xarakterimi hər zaman işimdə də tətbiq etmişəm. Digərləri lazım olanları etmədikləri üçün rəhbərliyin gözündə mən parlamışam.
- Ənənəvi sualımız: Sizə görə uğurun sirri nədir?
- Birincisi, bir şeyi istəməli və onun reallaşacağına inanmalısan. Məsələni dini tərəfə bağlamaq istəmirəm, amma həyatda bir şeyləri yaradandan istəyirsənsə, onun mümkün olmayacağını düşünmək absurddur. Yəni istədiyinin baş verəcəyinə inanaraq yaşamalı, onu xəyaldan hədəfə çevirməlisən. Hədəfinə çatmaq üçün bu gün lazım olanları etməmiş yatmamalısan. Bu minvalla yaşadıqca görəcəksən ki, bu yolda sənə dəstək olacaq insanlar qarşına çıxır. Yəni xəyalın hədəflərinə yönəlik yolla gedir. İkincisi, kitab oxumaq çox önəmlidir. Fərqi yoxdur nə oxuyursan, amma oxumaq lazımdır. Oxuduqca kitab insanın gözlərinə bir intellekt oturdur. Hansı ölkədə olursan ol, gözlərində artıq o özünü göstərir, bir növ insanları ram edir. Təkcə baxışlarınla getdiyin istənilən mühitdə insanların rəğbətini əldə edirsən.
Üçüncüsü, insanın tutduğu yolda mentoru olmalıdır. Həyatda bir məqama çatmaq istəyirsənsə, bu barədə məsləhəti nə valideyndən, nə də ətrafında olan digər insanlardan almamalısan. Yalnız və yalnız həyatda bu məqama çatmış insanla görüşməli və onu özünə mentor görməlisən. Yalnız onun məsləhətlərilə addım atmalısan. Çünki sənin keçmək istədiyin bu yolu o illər əvvəldən keçib, nail olub və sənin xəyal etdiyin həyatı real olaraq yaşayır. Sənin etmək istədiklərini həyatda özləri etməmiş insanlar heç vaxtı sənə doğru-düzgün məsləhət verə bilməzlər.
Ailə + Karyera + Sən = Xoşbəxtlik - UĞUR HEKAYƏSİ
08:00
22 Fev 2019