Xəbər verildiyi kimi, bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında AMB sədri Elman Rustəmov ölkənin bank sektorunda, o cümlədən «Atabank» ASC-də yaranmış vəziyyətlə bağlı açıqlama verib.
Eləcə də bax: Elman Rüstəmova «Ata bank»la bağlı - 3 SUAL - STATUS
FED.az ictimaiyyətin, əmanətçilərin və bank sektorunun bu sahəyə böyük marağını nəzərə alaraq Baş Bankirin fikirlərini geniş şəkildə təqdim edir.
«Atabank»da nə baş verib ki, belə vəziyyət yaranıb?
Elman Rüstəmovun sözlərinə görə, «Atabank»ın əvvəlki rəhbərliyi (bankın rəhbərliyi bir neçə ay əvvəl dəyişdirilib – ətraflı burada) bütün banklarda baş verən ənənəvi və sadə səhvlər edib.
«Sadəcə olaraq bankı idarə edən şəxslər tərəfindən ənənəvi səhvlərə yol verilib, çox riskli layihələrə iri həcmli kreditlər verilib və bu gün həmin kreditlər geri qayıtmır. Kreditlər geriyə qayıtmır, nəticədə əvvəlcə kapitalı itirirsən, sonra qorxu yaranır, sonra da fiziki və hüquqi şəxslərin əmanətləri geri çəkilir. Yəni vəziyyət çox aydın və ənənəvidir, menecmentin buraxdığı səhvlər üzündən bu vəziyyət yaranıb»-deyə təcrübəli baş bankir adətən belə vəziyyətlərdə bankda baş verən prosesləri reanimatoloq soyuqqanlığı ilə təsvir edir.
«Bu məsələyə böhran da təsirini göstərib. Ola bilər böhrandan əvvəl perspektivli görünən bu layihələr (yəni «Atabank»ın kredit ayırdığı layihələr – FED.az) böhran nəticəsində sınaqdan keçə bilməyib. Problem budur».
Eləcə də bax: «AtaBank»da nələr dəyişib – TƏFƏRRÜATLAR AÇIQLANDI
Biz təkliflərimizi hazırlamışıq
«Bizim «Atabank»la bağlı sonuncu dəfə açıqladığımız məlumatı bilirsiniz. AMB «Atabank»da qiymətləndirmə aparıb, bankda likvidlik və maliyyə dayanıqlığı problemi var. Bizim apardıımız kompleks tədqiqat göstərdi ki, bu fikirlər təsdiqdəndi. Biz artıq öz fikirlərimizi formalaşdırmışıq».
«Bu fikirləri, yəni təkliflərimizi Maliyyə Sabitliyi Şurasına təqdim etmişik. Bu təkliflər, yəni atılacaq addımlar Maliyyə Nazirliyi, AMB və Əmanətlərin Sığortalanması Fondu arasında ciddi koordinasiya tələb edir».
Bəs «Atabank»da əmanəti olanlar nə etməlidir?
«Mən buradan «Atabank»ın çoxminlik əmanətçiləri üçün xüsusi qeyd edirəm ki, onların əmanətləri, sığortalanmış əmanətləri üçün heç bir təhlükə yoxdur».
Elman Rüstəmov bildirib ki, qanuna görə, bütün əmanətlər sığortalanır - bu barədə qanun hələ mart ayının əvvəlinədək qüvvədədir. Ona görə də, bir hadisə baş versə əmanətlərdən batan olmayacaq.
«Hər hansı tədbir görüləcəksə bu qanun qüvvədə olduğu dövrdə baş verəcək və əmanətçilər üçün heç bir qorxusu və problem yoxdur, ola da bilməz».
«Özümüzə borc bildik ki, xəbərdarlıq edək»
«Biz tapdıq ki, «Atabank»da qorunmayan əmanətlər də var. Ola bilər, bizim üçün o qədər də xarakterik deyil. Amma biz «Atabanka», onun sahiblərinə təkidlə tövsiyə etdik ki, adamlara adbaad bildiriş göndərsinlər ki, onlar gəlib əmanətlərini sığortalasınlar. Həmin əmanətçilərin buna imkanları və potensialı var. Belələrinin (yəni əmanəti sığortalanmayanların – FED.az) sayı azdır. Ola bilər kiminsə yadından çıxa bilər. Amma yenə də bunu özümüzə mənəvi borc bildik ki, xəbərdarlıq edilsin.
«Əmanətçilərlə hər gün görüşürük»
Elman Rüstəmov bildirib ki, «Atabank»da əmanəti olanlar ABM-ə müraciət edirlər və AMB-də hər gün onlarla görüş keçirilir.
“Bu gün də əmanətçilər gəlmişdilər, biz onlarla görüşürük və izahat aparırıq. Hesab edirik ki, «Atabank»ın əmanətçiləri çox tez bir zamanda öz əmanətlərinə, öz maliyyə resurslarına çıxış əldə edə bilməlidirlər. Yəni, qanunla, onların öz əmanətlərindən sərbəst istifadə etmək haqqı var, və biz tez bir zamanda buna imkan yaratmağa çalışırıq».
«Mən demədim Atabank bağlanacaq»
«Mən demədim «Atabank» bağlanacaq, mən bunu demədim, bu - AMB-nin deyil, Maliyyə Sabitliyi Şurasının səlahiyyətində olan məsələdir və bu barədə hansı qərarın qəbul ediləcəyi məlum deyil».
«Doğrudur, bizim (bu barədə) təklifimiz var, amma mən o təklifi də açıqlaya bilmərəm, bu komanda intizamına uyğun deyil. Müzakirə olunandan sonra, biz qəbul edilən qərar haqqında və Mərkəzi Bankın mövqeyi haqqında da ictimaiyyətə tam açıqlama verəcəyik».
«Məsələnin tezliklə həllini istəyirik»
Elman Rüstəmov etiraf edib ki, «Atabank»la bağlı qeyri-müəyyən vəziyyətin tezliklə başa çatmasını istəyir. Məsələnin tezliklə həlli ölkənin bank sektoruna inamı qorumağa imkan verəcək.
«Biz istəyirik ki, bu proses mümkün qədər tez olsun. Çünki düşünürük ki, hətta bir insident, yəni hər hansı bankın ödəniş qabiliyyətini itirməsi belə, ümumilikdə sağlam olan maliyyə sektoru üçün reputasiya riski yaradır. Yəni bir banka görə əhalidə bütün maliyyə sektoru haqqında (mənfi) fikir yarana bilər. Ona görə də bu məsələyə çox qısa müddətdə baxılacaq».
«Atabank»ın dövlət büdcəsi ilə əlaqəsi yoxdur»
Elman Rüstəmov «Atabank»da yaranan vəziyyətin guya bankın dövlət büdcəsinə xidmət etməsi ilə bağlı olduğu barədə yayılan xəbərləri təkzib edib:
«Atabank»ın dövlət büdəsinə xidmət etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır. Dövlət büdcəsinin güclü əsasları var, ötən il büdcə artıqlaması ilə yerinə yetirilib. Dövlət büdcəsi ilə bağlı problem yoxdur. Olsaydı bu problemlər qarşılıqlı həll olunardı».
«Bank sektorunda heç bir sürpriz olmamalıdır»
Elman Rüstəmov bildirib ki, ümumilikdə bank sektorunda vəziyyət sabitdir. Amma prezidentin bir qədər əvvəlki tapşırığına uyğun olaraq AMB bütün banklarda yoxlamalar aparır.
«Maliyyə sektorunda ümumilikdə sabitlikdir. Bank sektorundakı aktivlərin mütləq əksəriyyəti sabitdir. Başqa banklarda da kompleks yoxlamalar aparırıq.
Eləcə də bax: İlham Əliyev: «Banklara ciddi nəzarət edin - HEÇ BIR «SÜRPRIZ» OLMASIN»
Məlum olduğu kimi, bir qədər əvvəl müşavirədə cənab prezidentin tapşırığı oldu ki, bank sektorunda heç bir sürpriz olmamalıdır. Təbii ki, onun tapşırığından sonra bu qiymətləndirməni aparırıq və onun nəticələri Maliyyə Sabitliyi Şurasında müzakirə olunacaq».