Xəbər verildiyi kimi, iyulun 25-də Azərbaycanın aparıcı banklarından olan «AtaBank» ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçirilib.
FED.az xəbər verir ki, bankın əsas səhmdarının da iştirak etdiyi toplantıda ciddi qərarlar qəbul edilib, o cümlədən bankın hazırki rəhbərliyi – Müşahidə Şurası və İdarə Heyətində dəyişikliklər elan olunub. Maliyyə bazarındakı mənbələr FED.az-a bankda gedən son proseslər barədə ətraflı məlumat verib. Məlumata görə, «AtaBank»ın Müşahidə Şurasının rəhbəri dəyişib. İndiyədək bu postu tutan Fərid Hüseynovun yerinə yeni kadr - Xumar Əsədzadə təyin edilib: «Müşahidə Şurasına təyinat alan şəxs birbaşa səhmdarın kadrıdır və onun tapşırıqlarını yerinə yetirir»-deyə mənbə bildirib.
FED.az-ın məlumatına görə, Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilən xanım Xumar Əsədzadə hüquqşünasdır, xaricdə təhsil alıb və «City university of London»un hüquq ixtisası üzrə məzunudur və peşəkar kadrdır. Mənbənin sözlərinə görə, səhmdarın ona etimadı və peşəkarlığına etimadı elə böyükdür ki, bankın fəaliyyətinə nəzarət ona həvalə edilib: «X.Əsədzadəyə böyük ümidlər bəslənilir. Səhmdar arxayındır ki, MŞ-nın yeni sədri qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələ biləcək və onun etimadını doğruldacaq». Mənbənin məlumatına görə, toplantı və Müşahidə şurasının yeni rəhbəri təyin olunandan sonra bankda ciddi yeniliklər başlayıb.
Qeyd edək ki, «AtaBank»ın özündən isə FED.az-a bildirilib ki, toplantı və dəyişiliklərlə bağlı rəsmi açıqlama yalnız gələn həftənin əvvəlində veriləcək.
«AtaBank»da nələr dəyişib – TƏFƏRRÜATLAR AÇIQLANDI
20:56
27 İyul 2019