“AtaBank”a sığortalanmayan şərtlər ilə əmanət yerləşdirmiş əmanət sahiblərinin banka dəvət olunmaları barədə göstəriş verilib. Məqsəd, qorunmayan əmanətləri qorunan əmanətlərə çevirmək və bank barədə veriləcək qərardan sonra onların da kompensasiya ala bilmələrini təmin etməkdir.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Eləcə də bax: "AtaBank" barədə Maliyyə Sabitliyi Şurası - TEZLİKLƏ QƏRAR VERƏCƏK
Sədr bildirib ki, “AtaBank”da çox ciddi likvidlik və maliyyə dayanıqlığı problemləri var.
“AtaBank ilə bağlı atılacaq hər hansı addım Mərkəzi Bankla Maliyyə Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu arasında ciddi koordinasiya tələb edir. Belə məsələ birinci dəfə deyil, bu məsələlər Maliyyə Sabitliyi Şurasında müzakirə edilir. Maliyyə Sabitliyi Şurası qarşısında öz təkliflərimiz hazırlamışıq və bu gün təqdim edəcəyik. AtaBankın qorunan əmanətçiləri üçün qeyd etmək istəyirəm ki, əmanətləri üçün heç bir qorxu yoxdur. Atabank ilə bağlı görüləcək tədbirin xarakterini deyə bilmərəm, çünki qərar Maliyyə Sabitliyi Şurasında qəbul ediləcəkdir. Əmanətlərin tam sığortalanması haqqında qanunun qüvvəsinin başa çatmasına az qalıb. Amma AtaBank barədə qərar qanunun qüvvədə olduğu müddətdə veriləcəkdir. Əmanətlər ilə bağlı heç bir problem yoxdur, ola da bilməz. Biz AtaBankda qorunmayan əmanətlərin də olduğunu müəyyən etmişik. Bankın rəhbərliyinə təkidlə tövsiyə etdik ki, həmin əmanətçilərə bildiriş göndərilsin, onlar Banka gəlib əmanətlərini sığortalanmış əmanətə çevirsinlər. Onlar az sayda adamlardır, amma özümüzə borc bildik ki, bu addımı da ataq.Biz istəyirik ki, çox qısa müddətdə AtaBank-ın əmanətçiləri öz əmanətlərindən istifadə edə bilsinlər”-deyə Elman Rüstəmov bildirib.
Eləcə də bax: «İstehlak kreditlərinə məhdudiyyət qoyacağıq» - ELMAN RÜSTƏMOV AÇIQLADI
Həmçinin Elman Rüstəmov qeyd edib ki, “Ata Bank barədə qərarın xarakteri ona məlum deyil. Mərkəzi Bank sədri müəyyən təkliflər verdiklərini amma indi bunu açıqlaya bilməyəcəyini bildirib. O bunun komanda intizamına uyğun olmadığını qeyd edib. Elman Rüstəmov bildirib ki, qərarın qısa müddətdə qəbul edilməsini istəyirlər. Çünki bu məsələ uzandıqca bir banka görə cəmiyyətdə bank sistemi haqqında mənfi fikir yaradır. Mərkəzi Bankın sədri bildirib ki, “AtaBank”dakı ciddi problemlərin səbəbi Bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kreditlərin ayrılmasıdır.