Azərbaycana xaricdən minik avtomobilləri üçün avtomobil şinlərinin hansı qiymətə gətirildiyi məlum olub.
FED.az xəbər verir ki, xarici ölkələrdən Azərbaycana minik avtomobilləri üçün iki növ şinlər gətirilir – təzə və istifadə edilmiş.
Bu bazarın həcmi kifayət qədər böyükdür – rəsmi rəqəmlərə əsasən ölkəyə hər il orta hesabla 1 milyon ədəddən artıq təzə avtomobil şini gətirilir. Ölkəyə gətirilən işlənmiş şinlərin sayı isə bundan bir neçə dəfə aşağıdır.
Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2017-ci ildə ölkəyə ümumi dəyəri 25,46 milyon dollar olmaqla 1 milyon 115 min ədəd təzə şin gətirilib. Şinlərin hər biri orta hesabla 23 dollardan rəsmiləşdirilib. Həmin il ölkəyə ümumi dəyəri 2,6 milyon dollar olan 310 157 ədəd işlənmiş şin gətirilib. İşlənmiş şinlərin hər biri 8,4 dollardan rəsmiləşdirilib.
2018-ci ildə isə ölkəyə gətirilən işlənmiş şinlərin sayı kəskin – 3 dəfəyə yaxın azalaraq 127 min ədədə düşüb. Onların ümumi dəyəri 1 milyon 67 min dollar təşkil edib. Başqa sözlə işlənmiş şinlər ölkəyə yenə də 8,4 dollardan gətirilib.
Həmin il ölkəyə ümumi dəyəri 26,67 milyon dollar olan 1 milyon 93 min ədəd yeni şin gətirilib. Yeni şinlərin hər birinin idxal qiyməti 24 dollar olub.
2019-cu ildə Azərbaycana yeni şinlərin idxalı artıb. ölkəyə ümumi dəyəri 35,34 milyon dollar olmaqla 1 milyon 284 min ədəd təzə şin gətirilib. Şinlərin orta qiyməti də yüksələrək 27,5 dollar təşkil edib.
Əvəzində həmin il ölkəyə gətirilən işlənmiş şinlərin sayı yenə də azalıb – ümumi dəyəri 748 min dollar olan 80,5 min ədəd işlənmiş şin idxal edilib. Orta qiymət 9,3 dollar olub.
2020-ci ildə idxal edilən yeni avtomobil şinlərinin sayı bir qədər azalıb - ölkəyə ümumi dəyəri 27,9 milyon dollar olan 1 milyon 56 min ədəd təzə şin gətirilib. Onların orta qiyməti 26,5 dollar olub.
İşlənmiş şinlərin sayında isə daha kəskin azalma olub. Ötən ilk ölkəyə ümumi dəyəri 481 min dollar olan 47,1 min ədəd işlənmiş şin gətirilib. Bir şinin orta qiyməti 10,2 dollar olub.
Başqa sözlə, 2017-2020-ci illərdə ölkəyə işlənmiş şinlər 8,4-10,2 dollar, təzə avtomobil şinləri isə 23-27,5 dollardan idxal edilib.