Mərkəzi Bankın sədri Taleh Kazımov “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nı təsdiq edib. Qaydalara görə, yeni elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobil alınan zaman isə 20% olacaq. Ənənəvi yanacaqlar ilə çalışan yeni avtomobill alınan zaman isə ilkin ödəniş 40% olaraq saxlanılır.
FED.az xəbər verir ki, Qayda ilə bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarları müəyyən edilib. Avtomobil krediti ayrılan zaman kreditin təminata olan nisbəti (KTN əmsalı) tətbiq ediləcək. KTN əmsalı - kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır. Avtomobil kreditlərində KTN əmsalının hesablanmasında kredit üzrə yalnız əsas borc nəzərə alınır.
Qaydaya görə, bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı (ayrılacaq kreditin nisbəti) aşağıdakılardan artıq olmamalıdır:
- qiymətindən asılı olmayaraq elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 3 il və ya ondan az olduqda - KTN əmsalı (ayrılacaq kreditin nisbəti) 90%, 3 ildən çox olduqda isə – KTN əmsalı 60%;
- qiymətindən asılı olmayaraq hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 80%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 3 ildən çox olduqda isə – KTN əmsalı 50%;
- Digər (yuxarıdakı iki bəndə aid olmayan) avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 50%, 3 ildən çox olduqda isə – KTN əmsalı 40%.
Yeni Qayda qüvvəyə minənədək bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunmuşdu:
-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır;
-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;
- avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
Beləliklə, Qaydalar elektrik mühərrikli və hibrid mühərrikli avtomobillər üzrə də kreditin rəsmiləşdirilməsi şərtlərini müəyyən edir. Belə ki, elektrik mühərrikli avtomobilin yaşı 3 il və ya ondan az olduqda kreditlə alış zamanı ilkin ödəniş minimum 10%, 3 ildən çox olduqda isə ilkin ödəniş minimum 40% təşkil edəcəkdir. Hibrid mühərrikli avtomobillər üzrə minimal ilkin ödəniş nəqliyyat vasitəsinin yaşı 1 il və ya ondan az olduqda 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% olacaqdır.
Elektrikli və hibrid olmayan avtomobillər üzrə minimal ilkin ödəniş onun yaşı 1 il və ya ondan az olduqda 40%, 1-3 il olduqda 50%, 3 ildən çox olduqda isə 60% müəyyən olunub. (Marja)