Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 462,65 milyon ABŞ dolları dəyərində 38 632 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Eləcə də bax: Avtomobillərin alqı-satqı zamanı qeydiyyat qaydası dəyişib
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 724 ədəd və yaxud 25% çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 242 ədəd və yaxud 65,2% azalaraq 129 ədəd (11,6 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 8 211 ədəd və yaxud 29,5% artaraq 36 036 ədəd (401,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 3 678-i (20,9 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 142-i (8 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 220 ədəd və yaxud 8,5% azalaraq 2 377 ədəd (35,1 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 25 ədəd və yaxud 21,7% azalaraq 90 ədəd (14,2 milyon ABŞ dolları dəyərində) olub. (Report)