Muxtar respublikamızda sənayeləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu bəhrələrindən biri də müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal sahələrinin yaradılmasıdır. Bu mənada, Naxçıvan Avtomobil Zavodu da innovativ sənaye imkanlarından yararlanan müəssisələrdən biridir. Hər il dünya avtomobil sənayesində baş verən yeniliklərlə ayaqlaşmağa çalışan bu müəssisə davamlı olaraq öz istehsalında həmin yeniliklərin tətbiqinə çalışır.
Eləcə də bax: Naxçıvanda yeni avtomobilin istehsalı başladı - 6,2 LİTR YANDIRIR - OİYMƏT
FED.az xəbər verir ki, 2010-cu ildən əsası qoyulan, 2019-cu ilin aprel ayından isə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil edilən Naxçıvan Avtomobil Zavodunda bu gün müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. Bunun üçün müəssisədə yığım sexi, anbar, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlıqları quraşdırılıb. Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisənin illik istehsal gücü 4-5 min avtomobildir.
Eləcə də bax: Bakıda satılan avtomat sürət qutulu - ƏN UCUZ AVTOMOBİLLƏR – QİYMƏTLƏR
Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də avtomatik sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir. Avtomobillər Nəzarət şöbəsindən keçdikdən sonra satış sahəsinə buraxılır. Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal prosesinin icraçıları və nəzarətçiləri xarici mütəxəssislər idisə, bu gün həmin vəzifələri yerli mütəxəssislər yerinə yetirirlər. Hazırda müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
Eləcə də bax: Xarici səfirlikdə işləyənlər - MAŞIN ALVERİ EDİRMİŞ
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı da yüksək səviyyədə qurulub. Naxçıvan və Bakı şəhərlərində satış mərkəzi, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb. Şərur və Culfa rayonlarında isə avtomobillərin servis mərkəzləri fəaliyyət göstərir. Müəssisədə istehsal olunan avtomobillər ölkəmizin digər regionlarında da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Həmin avtomobillərdən muxtar respublikamızda, Bakı, Sumqayıt və Neftçala şəhərlərində taksi xidmətində istifadə olunur.
Eləcə də bax: Azərbaycanda "General Motors" avtomobilləri - Yığılacaq
Hazırda “FAW” və “Lifan” markalı avtomobillərin istehsal olunduğu müəssisədə yeni modellərin yığılması diqqət mərkəzində saxlanılır, hər il yeni, büdcəyə uyğun avtomobillər istehsal edilir. Bu günlərdə Naxçıvan Avtomobil Zavodunun yeni modelləri sırasına bir avtomobil daha əlavə olunub. Belə ki, avqustun 3-dən burada yeni “Naz Lifan-L7” modellərinin yığımına başlanılıb. İki modifikasiyaya – 1,2 və 1,5 litr mühərrik həcminə malik olan bu avtomobillər minivantiplidir. Artıq zavodda 6 ədəd “LF 6431”, 3 ədəd isə “LF 6431b” modellərinin yığımı başa çatdırılıb.
Zavodun əməkdaşı Rəhim İsmayılovun verdiyi məlumata görə, 5 pilləli mexaniki sürət qutusu ilə təchiz olunan bu avtomobillər az yanacaq sərfiyyatı ilə diqqəti cəlb edir. 5 qapılı və 7 sərnişin tutumuna malik bu avtomobillər əsl ailə avtomobilidir desək, yanılmarıq. 14 düymlük alüminium disklər, bütün standartlara cavab verən təhlükəsizlik sistemləri, müasir işıqlarla təchiz olunmuş ön panel, 7 inçlik monitor, rahat oturacaqlar və geniş interyer bu avtomobilin ən yaxşı xüsusiyyətlərindəndir.
Yeni model təklif olunan qiymətinə görə də alına biləcək ideal ailə avtomobilidir. Qeyd edək ki, “Naz Lifan-L7” modeli 20 min manatdan başlayan qiymətlərlə təklif olunur. Həmçinin bu avtomobilləri ilkin ödənişi 25 faiz olmaqla, 48 aylıq kredit şərtləri ilə də əldə edərək ailə üzvləriniz, dostlarınızla birlikdə uzaq məsafələri rahatlıqla qət edə bilərsiniz.
Onu da əlavə edək ki, pandemiya ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, zavoda Çin Xalq Respublikasından avtomobil hissələrinin idxalı davam etdirilib, “Naz Lifan”ın istifadədə olan bütün modelləri üçün lazımi ehtiyat hissə bazası yaradılıb. Buradan həm yeni avtomobil almaq, həm də mövcud avtomobillərə uyğun keyfiyyətli ehtiyat hissələri əldə etmək olar.
Rəhim İsmayılov sonda onu da qeyd etdi ki, gələcəkdə “Lifan”ın yeni modellərinin buraxılışı da nəzərdə tutulur. Gələn ilin istehsal planında yeni “Lifan-X7” avtomobillərinin yığılması da var. Bununla yanaşı, elektromobillər də növbəti ildən sürücülərə təqdim ediləcək.