Prezident İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.
"Yevlax Pilot Aqroparkına rezidentlər tərəfindən 55,2 milyon manatadək investisiya yatırılacaq"
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan "Yevlax Pilot Aqropark" layihəsi kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli platformadır. Xatırladaq ki, Yevlax pilot aqroparkı İqtisadiyyat Nazirliyinin "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində yaradılıb.
Məqsəd ölkədəki orta fermer təsərrüfatlarının aqrar sənaye sisteminə daha yaxşı nnteqrasiya edilməsidir. Aqroparkın yvaradılmasına 2020-ci ildə başlanılıb.
Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Burada sahibkarlıq fəaliyyəti üçün iş adamlarına dövlət tərəfindən bir çox stimullaşadırıcı tədbirlər görülür və bu işlər mütəmadi olaraq davam etdiriləcək. Belə ki, dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sistemi qurulub, sahibkarlar işıq və su təminatı alıblar, bundan başqa, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və vahid pəcərə sisteminin tətbiq edilməsi nəzərdə tutulur.
Yevlax Pilot Aqroparkın ümumi ərazisi 2807 hektar təşkil edir, bunun da 1185 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1028 hektarını heyvanların yem təminatı sahəsi, 141 hektarını isə sosial zona təşkil edəcək. Pilot aqroparkın 1185 hektarlıq sahəsi 20 hektarlıq parsellərə bölünməklə fermerlərin uzunmüddətli istifadəsinə verilib.
Bundan başqa aqroparkın emal və sosial zonaları üçün nəzərdə tutulmuş 141 hektar ərazisinin 8 hektarında sosial zonanın, 45 hektarında 3000 başlıq ətlik heyvandarlıq kompleksinin, 11.8 hektarında illik istehsal gücü 20 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatının və digər sahələrində isə emal müəssisələrinin və istehsal sahələrinin yaradılması planlaşdırılır.
Aqroparkda nar, badam, xurma, zeytun, gilas, ərik, şaftalı və s. bağlar salınacaq. Emal zonasında qida sənayesi üzrə emal müəssisələri yaradılacaq. Bu müəssisələrdə qablaşdırma məhsulları, meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal edilməsi planlaşdırılır. Bununla yanaşı, aqroparkın ərazisində qeyri-ənənəvi bağçılıq, əkinçilik və digər innovativ istehsal sahələri də inkişaf etdiriləcək.
Aqroparkda "ağıllı" idarəetmə sisteminin tətbiqi (iqlim stansiyası, feromon kamerası, əkinsahələrinin dronla monitorinqi, torpaq sensoru, dr. agro tətbiqı), aqronom və biznes-konsaltinq xidmətlərinin təşkili planlaşdırılır.
"Ağıllı" idarəetmə sistemi əkin işləri üçün əlverişli zamanın təyin olunması, xəstəliklərlə bağlı xəbərdarlıq, əkinin monitorinqi, torpağın nəmliyinin ölçülməsi, aqrotexniki qulluq və s. məsələlər üçün yeni texnoloji həll imkanları yaradacaq.
İstehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına da dəstək göstəriləcəkdir.
"Yevlax Pilot Aqropark" layihəsinin ümumi dəyəri 103 milyon manatdir. Bunun 29 milyon manatı dövlət vəsaiti, 74 milyon manatı isə özəl investisiya hesabına formalaşacaq. Aqroparkda 500 nəfər daimi, 1000 nəfər isə mövsümi işlə təmin ediləcəkdir.
Yeri gəlmişkən, artıq Yevlax Pilot Aqroparkı yaxınlıqdakı bölgələrin – Goranboy, Yevlax, Bərdə, Tərtər, Şəki, Göyçay, Ağsu və Mingəçevirdən olan sakinlərin işlə təminatında böyük ro oynamağa başlayıb.
Belə ki, Ayroparkda sözügedən rayonlardan yüzlərlə şəxs çalışır, bundan qat-qat artıq əhali isə mövsümi işlərdə çalışmaq üçün pilot aqroparka gəlir.
Aqroparkın yaradılmasında məqsəd:
• Aqrar sahədə inkişafın sürətləndirilməsi;
• Kənd təsərrüfatı məhsullarına olan təlabatın ödənilməsi;
• Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi;
• İxracyönümlü məhsulların istehsalının artırılması;
• Kiçik və orta sahibkarlığın inkişafı.