Media nümayəndələrinin iyunun 24-də İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkına tanışlıq səfəri təşkil edilib.
FED.az xəbər verir ki, səfər çərçivəsində media mənsublarına İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov Aqroparkın ümumi fəaliyyəti, görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Onun sözlərinə görə, ümumi ərazisi 2807 hektar ərazini əhatə edən Aqropark ölkəmizdə kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət pilot aqroparkıdır:
“Aqroparkın əsas fəaliyyət istqaməti kimi intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistika mərkəzinin yaradılması müəyyənləşdirilib.
Yevlax Pilot Aqroparkın ümumi ərazisinin 1185 hektarı çoxillik əkinlər, 1298 hektarı birillik əkinlər, 141 hektarı sənaye zonası, 183 hektar isə kommunikasiya xətləri və mühafizə zolaqlarının təşkili üçün nəzərdə tutulub”.
Mətbuat katibi bildirib ki, hazırda Aqroparkda 2352 hektar ərazi üzrə 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib:
“Rezidentlərə uzunmüddətli subicarəyə verilmiş 2352 ha torpaq sahəsinin 1042 hektarı çoxillik əkmələr üçün 33 rezidentə, 1298 hektarı birillik əkinlər üzrə 2 rezidentə, 11.8 hektarı isə damazlıq yumurta istehsalı fabrikinin yaradılması üçün 1 rezidentə ayrılıb”.
E.Kazımov rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırıldığını, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradıldığını vurğulayıb:
“İndiyədək 21 rezident tərəfindən 600 hektar ərazidə intensiv və superintensiv meyvə bağları salınıb, 10 hektarda tingçilik təsərrüfatı yaradılıb. 2025-ci ildə Aqroparkda 606 min ədəd ting istehsal olunub və 600 tondan çox meyvə istehsalı proqnozlaşdırlır.
Hazırda 11.8 hektar ərazidə illik istehsal gücü 20 milyon ədəd damazlıq yumurta olan quşçuluq fabriki yaradılır. Ümumi layihə dəyəri 39 milyon manat olan fabrikin yaradılması üzrə indiyədək 34 milyon manat investisiya qoyulub və nəzərdə tutulan 51 daimi iş yerindən 39-u yaradılıb”.
Onun sözlərinə görə, istehsal olunan damazlıq yumurtanın idxalın qarşısının alınması ilə yanaşı ixracının həyata keçirilməsi də nəzərdə tutulur. Yevlax Pilot Aqroparkda rezidentlər dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Rezidentlər, həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.