Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk dövlət aqroparkıdır.
"Yevlax Pilot Aqroparkına rezidentlər tərəfindən 55,2 milyon manatadək investisiya yatırılacaq"
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Aqropark üzrə 2280 ha sahədə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 55,2 milyon manatadək özəl investisiyanın yatırılması ilə 331 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bugünədək rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulmaqla 121 daimi, 457 mövsümi iş yeri açılıb. 21 rezident tərəfindən 1199 ha ərazidə əkin işləri aparılıb, 412,5 ha sahədə intensiv və superintensiv meyvə bağları salınıb. Aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa, 0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub.
Həmçinin Aqroparkda 2024-cü ildə yığım da həyata keçirilib və bağlar yeni salındığı üçün ümumilikdə 44 ton çəyirdəkli meyvə yığılıb. Artıq Aqroparkın ərazisinin 80 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib.