Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk dövlət aqroparkıdır.
"Yevlax Pilot Aqroparkına rezidentlər tərəfindən 55,2 milyon manatadək investisiya yatırılacaq"
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub.
Aqroparkda sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla təchiz edilmiş torpaq sahələri ilə təmin edilirlər. Belə ki, hazırda Aqroparkda dövlət investisiyası hesabına tutumu 110 min kubmetr olan su anbarı və 8 aqreqatlı nasos stansiyası inşa olunub, 800 hektar ərazi təzyiqli su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib və uzunluğu 12,5 kilometr olan sel ötürücü kanalın 10,4 kilometrlik hissəsi tikilib. Qalan 385 ha ərazinin su və elektrik təchizatı, daxili yollar və su ötürücü kanalların tikintisi üzrə işlərin 2025-ci ildə yekunlaşdırılması planlaşdırılır.