Kənd Təsərrüfatı Nazirliyi payız əkinləri üçün subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlayıb.
Aqrar Kredit və İnkişaf Agentliyindən FED.az-a daxil olmuş məlumata görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlər öz elektron kabinetlərinə daxil olub, payız mövsümü üçün apardıqları əkin sahəsi, əkdikləri məhsul barədə məlumatı daxil etməlidirlər. Bu, fermerlərin 2020-ci ildən yeni qaydalarla alacaqları subsidiya üçün müraciət formasının əsas hissəsidir.
Yeni subsidiya qaydaları elektron hökumət sistemi ilə əlaqəli olduğundan fermerlərin əkin bəyanlarında, daxil etdikləri məlumatlarda dürüstlük tələb olunur. Əkin bəyanlarının doğru doldurulması ilə bağlı Nazirlik təlimlər təşkil edib, məlumatlandırıcı çap materialları hazırlanaraq, fermerlərə yayılması üçün bütün Dövlət Aqrar İnkişaf mərkəzlərinə göndərilib (http://akia.gov.az/pdf/20191106055630pdfeOtdHc.pdf).
Maarifləndirici videoçarx mərkəzi telekanallarda və KTN sosial media səhifələrində yayımlanıb (https://www.youtube.com/watch?v=OUvXO-v3DgY).
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, gələn ildən etibarən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Fermerlərə subsidiyaların verilməsini, habelə Nazirliyin müxtəlif qurumlarının bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.
Qeyd edək ki, yeni qaydalarla veriləcək subsidiyaların əmsalları Aqrar Subsidiya Şurası tərəfindən elan edilib (http://akia.gov.az/az/single/36). AKİA yeni əmsallarla veriləcək subsidiyanın hesablanması üçün elektron kalkulyator tətbiqi hazırlayaraq, saytında yerləşdirib (http://www.akia.gov.az/az/calc/?fbclid=IwAR1GSCzgCu6aFSpIMXOxS9ln32UZEyYVX5mIkmefuI9SWbd96ftKl8hSZro).