Azərbaycanda yeni yaradılmış Yevlax Pilot Aqroparkda ilk dəfə olaraq meyvə bağları, ting sahələri salınıb və hazırda calaqaltı işləri görülür.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) aqroparka təşkil etdiyi mediaturda məlumat verilib.
Bildirilib ki, Yevlaxdakı bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk pilot aqroparkdır. Layihə çərçivəsində aqroparka 70 milyon manatdan çox özəl investisiyanın qoyulması nəzərdə tutulur.
Aqroparkda dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və “vahid pəncərə” sisteminin tətbiqi planlaşdırılır.
Pilot aqroparkın əkin sahələrində yüksək məhsuldarlığa nail olunması üçün “ağıllı idarəetmə” sistemi tətbiq ediləcək, aqronom və biznes-konsaltinq xidmətləri göstəriləcək. Bununla yanaşı, istehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstəriləcək. Aqroparkda, həmçinin emal müəssisələrinin yaradılması nəzərdə tutulur.
Yevlax Pilot Aqroparkda meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal ediləcək.
Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1300 hektarını aqroparkda yaradılacaq heyvandarlıq kompleksinin yem təminatı sahəsi, 129 hektarını isə emal və sosial zonalar təşkil edəcək. Artıq Aqropark ərazisinin fermerlərin uzunmüddətli istifadəsinə verilməsinə başlanıb və bu günədək 1 727 hektar ərazi üzrə sahibkarlarla icarə müqavilələri bağlanıb.