Aqrar

Yeni Agentliyin verəcəyi kreditlərin - FAİZ DƏRƏCƏSİ VƏ ŞƏRTLƏRİ

Yeni Agentliyin verəcəyi kreditlərin - FAİZ DƏRƏCƏSİ VƏ ŞƏRTLƏRİ | FED.az
12:56 20 Dek 2018

Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI»nı təsdiqləyib. FED.az xəbər verir ki, yeni qaydalara görə, Agenlik kreditləri aşağıdakı şərtlərlə verəcək.
 
Qaydalara görə, Agentliyin kreditləri sahibkarlara və ailə kəndli təsərrüfatlarına veriləcək, bu zaman müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatlarının xidmətindən istifadə olunacaq.
Agentliyin kreditləri aşağıdakı sahələrə verilə bilər:
 
1. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi;
 
2. regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi;
 
3. kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi;
 
4. heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi;
 
5. Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi.
 
Şərtlərə görə, hər bir müvəkkil kredit təşkilatı (bank, BOKT və ya lizinq şirkəti) üçün kredit xəttinin maksimum məbləği 5 milyon dolları keçməməlidir.
 
 
Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər:
 
1. 5 000 manatadək - mikrokreditlər;
2. 5 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər;
3. 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər;
4. 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər;
5. 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.
 
Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir:

1. mikrokreditlər üçün - 2 ilədək;
2. kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək;
3. irihəcmli kreditlər üçün - 5 ilədək.
 
Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir:

1. mikrokreditlər üçün - 12 ayadək;
2. kiçik və ortahəcmli kreditlər üçün - 18 ayadək;
3. irihəcmli kreditlər üçün - 24 ayadək.
 
Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir.

Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir.

Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.
 
Kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı və lizinqi aşağıdakı qaydada həyata keçirilir:
 
İlkin ödəniş 20%
Dövlət tərəfindən güzəşt 40%
Qalan hissə kreditə verilir.
 
Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqi aşağıdakı qaydada həyata keçirilir:

İlkin ödəniş 25%
Dövlət tərəfindən güzəşt 60%
Kreditə götürülən hissə 15%.

Digər xəbərlər

Banner