Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Zaqatala, Qax və Şəki rayonlarının təsərrüfatlarında 636 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılırdı. Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi artıq başa çatıb. Şirkətlə müqavilə bağlayan fermerlər proqnoza artıqlaması ilə əməl edərək, 679,76 hektar sahədə tütün əkiblər.
Eləcə də bax: Yapon şirkəti Azərbaycanın rayonunda - 545 HEKTARDA TÜTÜN ƏKİB
FED.az xəbər verir ki, bu barədə “Zaqatala AGRO İndustry” MMC-nin direktoru İsrafil Səfərov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, tütün istehsalı ilə bağlı bu rayonlarda 52 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Tütün istehsalçılarını şitillə təmin etmək üçün fərdi təsərrüfatlarla yanaşı, məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb. Ümumiyyətlə, “Zaqatala AGRO İndustry” MMC tərəfindən cari mövsümdə Qax rayonunda 347 hektar, Zaqatalada 293,76 hektar, Şəki rayonunda isə 39 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
Hazırda tütün sahələrində aqrotexniki tədbirlərə başlanılıb. Əkin sahələrində cərgələrarası becərmə işləri aparılır, bitkiyə yemləmə gübrəsi verilir, alaq otlarına qarşı mübarizə tədbirləri görülür. (Azərtac)