Yağıntılı hava şəraiti Biləsuvar rayonunda pambıq yığımına problemlər yaradıb.
FED.az xəbər verir ki, bu barədə rayon fermerləri məlumat verib.
Onların sözlərinə görə, intensiv yağışlar səbəbindən məhsulun yetişməsi gecikib. Həmçinin, daban qozalarının çürüməsi məhsuldarlıqda 5 sentner azalma deməkdir.
"Əlverişsiz hava şəraitinin yığım ərəfəsində də müşahidə olunması yığıma hazır olan pambıq məhsulu üçün problemlər yaradır. Belə ki, məhsul yerə tökülür, bu isə itkiyə və onun keyfiyyətinə mənfi təsir göstərir. Əlverişsiz havaya baxmayaraq, məhsulu sahədən toplamağa çalışırıq", - fermerlər bildirib.
Qeyd edək ki, bu il Biləsuvar rayonunda ümumilikdə 6745,8 hektar sahədə pambıq əkilib. Hazırda pambıq yığımı davam edir. (Report)