Azərbaycan martın sonuna qədər Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə xurma ixracını davam etdirəcək.
Bu barədə FED.az-a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Qədir Yusifov məlumat verib.
"Hazırda soyuducu anbarlarda 50 min ton məhsul var və martın sonuna qədər hamısı ixrac olunacaq”,- o bildirib.
Eləcə də bax: Azərbaycan pomidor biznesindən - MİLYONLARLA DOLLAR QAZANIRLAR
Q.Yusifov bildirib ki, ixrac edilən ölkələrdə xurmanın satış qiyməti 1 dollardan yüksək olacaq. Azərbaycanda isə bu qiymət 1,10-1,20 manat arasındadır: «Qiymətlər arasındakı fərq xurmanın ixracına yaxşı imkan yaradır və istehsalçılar üçün sərfəlidir».
Qədir Yusifov bildirib ki, xurmalar əsasən soyuducu anbarların olduğu rayonlardan ixrac ediləcək. Bunlar Şəmkir, Göyçay, Tovuz, Gəncə, Tərtər, Ucar, Şamaxı və sair rayonlardır: «Məsələn, «Şəmkir Aqro»da anbar doludur, oradan 20 min ton xurma ixrac ediləcək. Ucarda xurma dəmiryolu üzərində yaradılan anbarlarda saxlanılır, onlar da ixrac ediləcək».
Assosiasiya sədri bildirib ki, soyuducu anbarların sayı çox olsaydı daha çox xurma ixrac etmək mümkün olardı.