Azərbaycandan xarici ölkələrə xurma ixracı kəskin azalıb.
Eləcə də bax: Azərbaycan xurma satışından - 20 Milyon Dollar Qazanıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov deyb.
O bildirib ki, Azərbaycan istehsalı olan xurmaların əsas satış bazarı Rusiya və Ukraynadır: “Hazırda isə həmin ölkələrdə alıcılıq qabiliyyəti kəskin azalıb. Məhsullarımız satılmır. Ölkədə anbarlarımız xurma ilə tam doludur. Demək olar ki, xaricə məhsulumuzu sata bilmirik. Dəfələrlə müvafiq dövlət qurumların qarşısında Assosiasiya məsələ qaldırılıb ki, yeni bazarlara çıxış imkanlarının artırılmasında fermerlərə və ixracatçılara kömək göstərilsin. Lakin bu istiqamətdə əsaslı iş aparılmayıb. Xurma ixracında başqa bazarlarımız olmadığına görə, hazırda vəziyyət çox ağırdır. Son 20 gündə Rusiya və Ukraynada satış 40 %-ə qədər azalıb”.
Q.Yusifov əlavə edib ki, hazırda 10 min tonlarla xurma ölkə ərazisində soyuducu anbarlarda gözləyir: “Bu məhsulun 20 gün müddətində satılması çox vacibdi. Əks halda xurmadan ölkəyə daxil olan valyuta gəlirlərində azalma müşahidə ediləcək”.
Xatırladaq ki, 2020-ci ildə 91,6 mln ABŞ dolları dəyərində 125 771,8 ton xurma ixrac edilib. (Report)