Azərbaycan mavigiləsi (blueberry) Körfəz və MDB ölkələrinə ixrac olunur. Ölkəmizdə bu giləmeyvənin yetişdirildiyi ilk və yeganə təsərrüfat Siyəzən rayonunun Yenikənd kəndi ərazisindədir. 2018-ci ildən fəaliyyətə başlayan təsərrüfatda mavigilənin Azərbaycan iqliminə uyğunlaşdırılmış müxtəlif sortları becərilir.
Hər ağac 40-50 kq məhsul verir, 1 kiloqramının - QİYMƏTİ 2 MANATDIR - XARİCƏ SATACAQLAR
Beş il əvvəl qurulan təsərrüfatdan bu mövsüm 140 tona yaxın mavigilə yığılacaq
FED.az xəbər verir ki, təsərrüfatın sahibi İlyas Əhmədov bildirib ki, iyirmi hektar ərazidən ötən il 80 tona yaxın məhsul toplanıb. Məhsulun 80 faizi xaricə ixrac olunub. Bu il isə təsərrüfatda məhsuldarlıq daha yaxşıdır. Mövsümün sonunadək 120-140 ton mavigilə əldə ediləcəyi proqnozlaşdırılır.
“Mavigilə yetişdirmək ideyasını Almaniyada olan bir qohumumuz təklif etdi. Biz əvvəl istixanada pomidor istehsalı ilə məşğul idik. 2017-ci ildə mən həyat yoldaşımla birlikdə xarici ölkələrə gedib mavigilə becərilməsi ilə bağlı maraqlanmağa başladıq. Ölkəmizdə də maraqlandıq və məlum oldu ki, mavigilə becərən yoxdur. 2018-ci ildə təsərrüfatı qurmağa başladıq. İlk iki ildə çox çətin oldu. Əkdiyimiz bitkilərin əksəriyyəti yerli şəraitə uyğunlaşmayaraq məhv olurdu. Amma biz bu layihəyə inanırdıq. Səhvlərimiz üzərində çalışdıq, təcrübəmiz artdı. Artıq 2020-ci ildə ilk dəfə bazara məhsul çıxarmağa nail olduq. Biz hələ də deyə bilmərik ki, ideal bir təsərrüfat qurmuşuq. Hər il daha da inkişaf edirik”, - deyə İlyas Əhmədov söyləyib.
Mavigilə yemək xərçəng xəstəliyinə tutulma ehtimalını azaldır
Mavigilə iyun ayında yetişir. Məhsul yığımı iki ay davam edir. Bu giləmeyvənin ən böyük üstünlüyü antioksidantla zəngin olmasındadır. Antioksidantlar insan bədənində iltihab prosesləri ilə mübarizə aparır və sərbəst radikalları neytrallaşdırır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edildikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı azalır. Mavigilənin şəkər miqdarı çox az olduğundan diabet xəstəliyindən əziyyət çəkənlər üçün də xeyirlidir. Bu giləmeyvənin 100 qramında cəmi 56 kalori var. Buna görə də idmanla məşğul olanlar üçün qidalanmada da olduqca faydalıdır.
“İlk dəfə Azərbaycana 4 müxtəlif ölkədən 11 çeşiddə mavigilə gətirdik. Avstraliya, Çili, Niderland və İspaniyadan aldığımız bitkiləri 1,8 hektar ərazidə əkdik. Bu sortlardan yalnız dördü əraziyə uyğunlaşa bildi. Uyğunlaşan sortlardan da üçü əlverişli və kommersiya maraqlarına cavab verən səviyyədə olduğu üçün becərməyə başladıq. Biz mavigiləni xüsusi torfla doldurulmuş dibçəklərdə yetişdiririk. Bir hektarda 8 min 333 bitki yerləşir. Bu bitkilərin kökləri mineral gübrələrə çox həssasdır. Mavigilənin yetişdirilməsində pestisidlərdən istifadə olunmur. Bu da onu tam orqanik edən amillərdəndir”, - deyə İlyas Əhmədov söyləyib.
Xarici bazarda 7-9 ABŞ dolları, yerli bazarda 12-14 manatdır
Təsərrüfat sahibi bildirir ki, Azərbaycanda becərilən mavigilənin ixracı əsasən MDB və Körfəz ölkələrinədir. Bu il isə artıq Avropa ölkələrinə də məhsul satılması hədəflənib. Hazırda mavigilənin qiyməti xarici bazarda 7-9 ABŞ dolları arasında dəyişir. Xarici bazara çıxarılan məhsulun keyfiyyəti, kalibri, rəngi və ən əsas da meniral tərkibi standartlara cavab verməlidir. Yerli bazarda isə mavigilənin bir kiloqramı 12-14 manata satılır. Məhsul xüsusi avtomobillərlə Bakıya daşınır və satış mərkəzlərinə paylanılır.
“Azərbaycanın təbii şəraiti imkan verir ki, ənənəvi olmayan kənd təsərrüfatı məhsulları da yetişdirilib həm yerli, həm də xarici bazara çıxarılsın. Siyəzən paytaxta yaxın olduğundan təsərrüfatı burada qurmuşuq. Çünki satış məntəqələri Bakıda yerləşir. Təbii şəraitə gəlincə, bu gün əminliklə deyə bilərəm ki, mavigiləni Azərbaycanın istənilən bölgəsində yetişdirmək olar. Amma bunun üçün xüsusi proqram və yanaşma lazımdır. Mavigilə yetişməmişdən əvvəl, meyvə vaxtı və məhsul toplandıqdan sonra ayrı-ayrı aqrotexniki qulluq tələb edir. Qışda budama aparılır. Növbəti il üçün məhsuldarlığın səviyyəsi, mavigilənin, keyfiyyəti, kalibri budamadan çox asılıdır. Bitkilərin qışda üzərinin örtülməsinə ehtiyac yoxdur. Burada əkdiklərimiz Siyəzənin qışına uyğunlaşmış sortlardır”, - deyə İlyas Əhmədov söyləyib.
Bitkiləri çalışqan "Bambus" arıları tozlandırır
Siyəzəndəki mavigilə təsərrüfatında 30 nəfər daimi işlə təmin olunub. Məhsul yığımı vaxtı mövsümi işçilərin sayı 150 nəfərədək artırılır.
Təsərrüfatda aqrotexniki qulluq zamanı innovativ metodlardan istifadə olunur. Suvarma üçün ultrabənövşəyi filtrlərdən və osmozdan istifadə olunur ki, bu da bitki xəstəliklərinin riskini aradan qaldırır. Bitkiləri tozlandırmaq üçün çalışqan "Bambus" arılarından istifadə olunur.
Azərbaycanda mavigilə bitkisinin in-vitro üsulu ilə çoxaldılmasına başlanılıb
Hazırda mavigilənin əkin materialları ölkəmizə xaricidən gətirilir. Amma yaxın gələcəkdə əkin materialının Azərbaycanda da kütləvi istehsalı təşkil ediləcək. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında mavigilə bitkisinin in-vitro üsulu ilə çoxaldılmasına başlanılıb.
Dünyada hər il 550 min ton qaragilə istehsal olunur. Amerika Birləşmiş Ştatları illik 270 min ton məhsulla dünyanın ən böyük mavigilə istehsalçısıdır. Kanada ildə 180 min tonla ikinci yerdədir. ABŞ və Kanada birlikdə dünya üzrə mavigilə istehsalının 80 faizdən çoxunu özündə cəmləşdirib. (Azərtac)