Salyanda “Pambıqçılıq-2022: qarşıda duran vəzifələr" mövzusunda Respublika Müşavirəsi keçirilib.
FED.az xəbər verir ki, Salyan rayon icra hakimiyyətində keçirilən müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, pambıqçılıqla məşğul olan fermerlər və digər rəsmi şəxslər iştirak ediblər.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir: “Bu sahənin inkişafı fermerlərimizin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlərimiz üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir. Pambıqçılığın inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramının qəbulu və icrası, fermerlərə verilən subsidiyaların artırılması və digər dəstək tədbirləri pambıqçılarımızı daim yüksək nəticələr əldə etməyə ruhlandırır.
2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bu rayonlarda əldə olunan göstərici ümumrespublika göstəricisindən yüksəkdir. Eyni zamanda aqrotexniki qulluq işlərinin düzgün təşkili nəticəsində respublika üzrə 1202 fermer təsərrüfatında hər hektardan orta hesabla 59 sentner, 210 fermer təsərrüfatında isə hər hektardan 60 sentnerdən çox pambıq məhsulu əldə edilib.
Ötən ilin oktyabrında pambıq şirkətləri tərəfindən pambığın alış qiymətinin hər tona görə 50 manat artırıldığını xatırladan nazir bildirib ki, müşavirə ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi şirkətlərlə bu istiqamətdə müzakirələr aparıb: "Müzakirələrə əsasən, şirkətlər fermerlərdən xam pambığın alış qiymətini 2022-ci il üçün daha 50 manat artırılması barədə razılığa gəliblər. Bununla da 2022-ci ildə şirkətlər fermerlərdən pambığın hər tonunu sortundan asılı olaraq 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq”.
Qeyd olunub ki, Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib: “Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir.
Müşavirədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov mövcud su ehtiyatlarının daha səmərəli istifadə edilməsi, əkin sahələrinin təsərrüfat suyu ilə təmin edilməsi məqsədilə görülən işlər, su qrafiklərinin yaradılması və EKTİS-ə inteqrasiyası barədə çıxış edib.
Fermerlərlə aktiv dialoq formatında keçirilən müşavirə görüş 3 saata yaxın davam edib. Fermerləri maraqlandıran suallar nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq quru və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.