Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə sayca 15-ci Aqrar İnnovasiya Festivalı Xaçmaz rayonunda keçirilib.
“Kənddən şəhərə” Novruz yarmarkası başlayıb - ÜNVANLAR - FOTOLAR
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, “Aqroservis” ASC, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Süni Mayalandırma Mərkəzi, Dövlət Toxum Fondu və digər tabeli qurumlar, həmçinin aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən 60-dan çox yerli və xarici şirkət iştirak edib.
FED.az xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalı ilə məşğul olan şirkətlərin, eləcə də beynəlxalq təşkilatların və dövlət qurumlarının iştirakı ilə müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi keçirilib.
Festival zamanı innovativ texnologiya və məhsulların nümayişi ilə yanaşı, startap zona, təlim və məlumat sessiyaları təşkil olunub.
Festivalda bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması və bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüb.
Həmçinin festivalda bölgənin prioritet kənd təsərrüfatı məhsulları və aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə təlimlər keçirilib.
Festival zamanı Aqrar Təlim Mərkəzi tərəfindən “Superintensiv fındıq bağlarının salınması”, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Gilas bitkisinin zərərvercilərinə xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirləri” və ölkədə müasir suvarma sistemləri sahəsində xidmət göstərən şirkət tərəfindən “Pivot suvarma sistemi” mövzularında maarifləndirilmə işləri icra olunub.
Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festival Quba-Xaçmaz və ətraf bölgələrin fermerləri tərəfindən maraqla qarşılanıb.
Festival zamanı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap yarışma və müsabiqələrin iştirakçıları, eləcə də ali təhsil müəssisələri öz prototiplərini, məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər.
Aqrar İnnovasiya Mərkəzi tərəfindən mütəmadi olaraq bölgələrdə təşkil edilən bu festivalların əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi üzrə dəstək xidmətini həyata keçirmək və kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin olunmasıdır. (Azərtac)