Şimal bölgəsinin bazarlarında fındığın qiyməti ucuzlaşıb. Hazırda fındıq son 10 il ərzində ən aşağı qiymətə satılır.
Bu il fındıq ixracı Azərbaycana 100 milyon dollara yaxın - VALYUTA GƏTİRİB
FED.az xəbər verir ki, fındığın qiymətində ötən illərlə müqayisədə 30-35 faizədək ucuzlaşma müşahidə olunur. Təsərrüfatçılar istehsal etdikləri fındığı qəbul məntəqələrinə maksimum 3 manat 60 qəpiyə sata bilirlər. Halbuki ötən illərdə qiymət 5-6 manat civarında idi. Onların sözlərinə görə, hazırda fındıq son 10 ildə ən aşağı qiymətə təklif olunur.
Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir. Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac olunur.
Fındıq qəbulu məntəqələrində qiymətin ucuzlaşmasını məhsulun xarici bazardakı qiyməti ilə əlaqələndirirlər.
FED.az xəbər verir ki, Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda 10 min 536 hektar fındıq bağı var. Bu bağların 6 min 602 hektarından məhsul toplanılır. Xaçmazın fındıq bağlarından ötən il 7 min 591 ton fındıq istehsal edilib.
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir. Məhsuldarlıq torpaq mülkiyyətçilərinin ürəyincə olsa da, fındığın satış qiyməti onları qane etmir. Bir çox təsərrüfatçılar toplanan məhsulu adətən anbarlarda saxlayıb qiymət bahalaşandan sonra, yəni dekabr-mart aylarında satırlar. Bu il isə qiymətlər gözlənilənin əksinə ucuzlaşıb.
Xaçmaz rayonunda ötən il 100 hektar yeni fındıq bağı salınıb. Rayondakı intensiv üsulla becərilən fındıq bağlarının sahəsi 607 hektardır. (Azərtac)