Bu ilin yanvar-mart aylarında Şəki rayonunda 2508 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə heyvandarlıq təsərrüfatlarında süni mayalanma yolu ilə 1217 baş salamat buzov doğulub. Üç ayda Şəki rayonu üzrə 965 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1090 baş cinsi yaxşılaşdırılmış buzova görə 109 min manat subsidiya hesablanıb.
Bu il Azərbaycanda fermerlərə dəymiş zərərlər üzrə ödənişlər - 2,2 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib. Sektor müdiri bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. İndiyədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 427 baş damazlıq düyə alınıb. Bu işin gələcəkdə də davam etdirilməsi məqsədilə fermerlər arasında maarifləndirici söhbətlər aparılır. Eyni zamanda, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.
Nazim Rəcəbov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, damazlıq cins heyvanların dəyərinin 60 faizinin dövlət büdcəsindən ödənilməsi, süni mayalanma yolu ilə əldə olunmuş hər baş buzova görə 100 manat subsidiyanın verilməsi, süni mayalanma xidməti üzrə infrastrukturun dövlət tərəfindən təmin edilməsi, bütün növ kənd təsərrüfatı heyvanları və quşlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı müalicə-profilaktika və diaqnostika tədbirlərinin aparılması heyvandarlıq sahəsinin ilbəil dinamik inkişafını təmin edən əsas amillərdən olub.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə heyvan sahibinə 100 manat məbləğində subsidiyanın verilməsinə başlanılandan sonra şəkili fermerlərin süni mayalandırma tədbirlərinə marağı xeyli artıb. Belə ki, 2015-ci ildə süni mayalandırılan heyvanların sayı 3752 baş olduğu halda, 2024-cü ildə bu göstərici 2,5 dəfəyə yaxın artaraq 9274 başa çatıb. Ümumiyyətlə, sərəncamın icrası olaraq, 2016-cı ildən indiyədək Şəki rayonu üzrə 19 min 808 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 23 min 115 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 2 milyon 311,5 min manat subsidiya ödənilib. (Azərtac)