Türkiyədə 2 il əkilməyən kənd təsərrüfatı torpaqlarını dövlət özü icarəyə götürəcək.
FED.az xəbər verir ki, Türkiyədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi əkilməyən kənd təsərrüfatı torpaqları ilə bağlı yeni qərar qəbul edib.
Qərara əsasən, fiziki və hüquqi şəxslərə məxsus və 2 il müddətində becərilməyən kənd təsərrüfatı torpaqları nazirlik tərəfindən kənd təsərrüfatı məqsədləri üçün icarəyə götürülə bilər.
Torpaqların əkilib-əkilmədiyini müəyyən etmək üçün kadastr məlumatları, peyk şəkilləri, digər dövlət qurumlarından alınan məlumatlar və yerində nəzarətdən istifadə olunacaq. Amma bu qayda bağlara və istixanalara aid olmayacaq.
Torpaqların əkilmədiyi müəyfən olunandan sonra dövlət bu torpaqların icarəsiilə bağlı elan verəcək və daha yaxşı şərt təklif edənlər torpağı əkəcəklər.
Nazirlik tərəfindən icarəyə veriləcək kənd təsərrüfatı təyinatlı torpaqların cari icarə dəyərinin müəyyən edilməsi və icarə əməliyyatlarının aparılması üçün komissiya yaradılacaq. Amma dövlətin bu torpağı icarəyə verdiyi halda icarə qiyməti onun indiyədək olan icarə qiymətindən aşağı ola bilməz. Torpaq icarəyə veriləndə ilk növbədə həmin kəndin sakinlərinə və yaxın ərazidə yaşayanlara üstünlük veriləcək.
Yeni qərar artıq bu ildən qüvvəyə minib və 2024/2025-ci illərdə əkilməyən torpaqlar gələn il başqalarına icarəyə veriləcək.