Azərbaycanda taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, bugünədək ölkə üzrə zəmilərin 18,3 faizində biçin başa çatıb, 185 360,6 hektar sahədən 563 534 ton məhsul yığılıb. Biçilmiş sahələrin 173 103,2 hektarı arpa, 12 257,4 hektarı buğda sahələridir.
İyunun 13-nə olan operativ məlumata görə respublika üzrə orta məhsuldarlıq 30,4 sent/ha, arpa üzrə 30,3 sent/ha, buğda üzrə 32,5 sent/ha təşkil edir.
Biçin prosesinə 1452 kombayn cəlb olunub.
Bunlardan 524-ü "Aqrolizinq" ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 152 kombayn dislokasiya olunub.
Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 776 kombayn da iştirak edir. "Aqrolizinq"in kombaynları tərəfindən 74 305 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 111 055,6 ha sahə biçilib.
Arpa üzrə ən yüksək məhsuldarlıq Ağdam, Ağcabədi, Ağsu, Bərdə, Hacıqabul, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonları ərazisində qeydə alınıb. Bu rayonlarda məhsuldarlıq 33 sentnerdən çoxdur.
Qeyd edək ki, bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640 977,6 hektarı buğda, 369 240,4 hektarı arpa sahələridir.