"Azərbaycanın aqrarsığorta təcrübəsini Özbəkistanda tətbiq edəcəyik".
"1000 manatlıq taxılı qorumaq 10-11 manat, meyvə bağları üçün 15-20 manat sığorta ödənişi tələb edilir"
FED.az xəbər verir ki, bunu TARSİM-in (Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Hovuzu) İdarə Heyətinin sədri Osman Yıldız deyib.
O bildirib ki, Azərbaycanda Türkiyənin aqrarsığorta modeli qurulub, təcrübə qazanılıb. Burada toplanan təcrübə, qarşıya çıxan çətinliklər, əldə edilən bilik sistemin daha effektiv və gəlirli çalışmasına təsir edir: “Azərbaycan bu sistem üçün önəmlidir. Yəni, Türkiyə aqrarsığorta modeli Azərbaycanda uğurla tətbiq edilə bilirsə, bu Özbəkistanda da ola bilər. Türkiyə və Azərbaycan birlikdə aqrarsığorta sistemini Özbəkistanda qurmaq üçün əlindən gələni əsirgəməyəcək”.
Osman Yıldız əlavə edib ki, türk dövlətlərinin ortaq sığorta mədəniyyəti formalaşdırıla bilər: “Oktyabrın 9-da Özbəkistandan Türkiyəyə bununla bağlı bir heyət gələcək. Orada da kənd təsərrüfatı sığortası ilə bağlı proses dəyərləndiriləcək. Təbii fəlakətlər artır, qlobal iqlim dəyişiklikləri nəzərə çarpır. Bu mərhələni doğru idarə etmək, istehsalçıları qorumaq, onların itkilərini minimallaşdırmaq lazımdır. Bu baxımdan türk dövlətlərinin birgə səylərinə nail olacağıq”. (Apa)