Azərbaycanda torpaqların bir qismi akvakultura, yəni balıqçılıq kateqoriyasına aid ediləcək.
Azərbaycanda balıqçılıqla bağlı Dövlət Proqramı hazırlanır
FED.az xəbər verir ki, bununla bağlı «Balıqçılıq haqqında» qanuna və Torpaq Məcəlləsinə dəyişikliklər hazırlanıb və və bu yeniliklər ilk dəfə Milli Məclisin aqrar siyasət keomitəsinin iclasında müzakirə edilir.
Qanuna əsasən akvakultura, yəni balıqçılıq təsərrüfatlarına məxsus torpaqların kateqoriyası ilə bağlı normalar dəqiqləşdirilir.
Qeyd edək ki, bir qədər əvvəl balıqçılıq təsərrüfatları sahəsində siyasətin aparılması səlahiyyətləri Ekologiya və Təbii Sərfətlər Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib.
Bununla da balıqçılıq sektorunun faktiki olaraq təkcə ekoloji məsələ deyil, ayrıca iqtisadi sahə kimi formalaşması başlayıb. Akvakultura təyinatlı torpaqların müəyfən edilməsi də indiyədək bu sahədə olan boşluqların aradan qaldırılması üçün tələb olunur.
Belə ki, hazırda ölkədə süni göllərdə balıq yetişdirilməsi ilə yüzlərlə sahibkar məşğul olduğu halda, onların heç də hamısında torpaqlarla bağlı sənədlər qaydasında deyil.
İclasda qeyd edilir ki, prezident İlham Əliyevin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilib və həmin Qaydaların 1.9-cu bəndində akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilib.
Xatırladaq ki, akvakultura anlayışı balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyəti ehtiva edir.