"Hazırda yerli süd bazarında satışla bağlı ciddi problemlər var. İstehsalçıların əlində böyük həcmdə süd qalıb".
Bunu FED.az-a açıqlamasında Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov deyib.
Onun sözlərinə görə, ölkədə süd məhsullarına tələbat azalsa da, süd istehsalı artmaqdadır: "Aqrolizinq" ASC-nin xətti ilə Azərbaycana kütləvi şəkildə heyvan gətirilir. Onların da məhsuldarlığı yüksəkdir. Son nəticədə süd istehsalı kəskin artıb. İki ay bundan əvvəl litri 75-85 qəpiyə satılan süd indi 45 qəpiyədir. Hətta bu qiymətə belə istehsalçılar sata bilmirlər".
S.Eyyubov qeyd edib ki, rəhbərlik etdiyi qurum süd istehsalçılarına subsidiya verilməsi üçün hökumətə müraciət edəcək: "Hökumət qarşısında məsələ qaldırmaq istəyirik. İstehsalçılara qismən subsidiya ayrıla bilər. Bundan başqa, əlavə dəyər vergisi ilə bağlı dəyişikliklərə ehtiyac var. Bununla bağlı da təklif irəli sürəcəyik".