Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə müəyyən olunmuş subsidiyaların mərhələli şəkildə “Fermer kart”larına köçürülməsinə başlayıb.
FED.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilir.
Həmçinin, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin payızlıq əkin məlumatlarının yoxlanılması prosesi başa çatmaq üzrədir. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına “Fermer kart”ının verilməsi prosesi davam edir.
“Artıq 179,209 min ədəd “Fermer kartı” hazırlanaraq fermerlərə paylanılması üçün bölgələrə göndərilib. Bu günədək 60 mindən çox fermer “Fermer kartı” əldə edib. Kartların paylanılması prosesinin ən qısa müddətdə başa çatdırılması nəzərdə tutulur”, - məlumatda bildirilir.
EKTİS resursu 2019-cu ilin fevral ayında yaradılıb. Qeydiyyatdan uğurla keçən fermerlər resursda şəxsi kabinet yaradırlar.
Şəxsi kabinetdə fermer təsərrüfatının yerləşdiyi rayon, torpaq sahəsi, yetişdiriləcək məhsul barədə məlumat verilir. Bundan sonra fermer həmin sahədə məhsuldarlıqla bağlı proqnoz əldə edə biləcək. Həmçinin elektron resursda “Big Data” məlumat bazası da yaradılıb.
Bundan başqa, fermerlər EKTİS vasitəsilə elektron müraciətlər əsasında dövlət subsidiyaları ala biləcəklər.