“Biz dəfələrlə kənd birliyi olaraq yığılıb Şəmkir Su Anbarı nümayəndəliyi ilə görüşməyə getmişik. Onlar da bizə söz vermişdilər ki, noyabrın 25-də su vurulacaq. Amma ortada nə su, nə də bir ümid var”.
Eləcə də bax: "Elə etsinlər ki, kəndli 90-cı illərdə olduğu kimi, pambıqdan bir daha üz döndərməsin"
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Goranboy rayonunun Veyisli kənd sakini Hadi Şamilov deyir. O, bildirir ki, özü kənd təsərrüfatı ilə məşğuldur. Amma əkdiyi əkin hazırda susuz qalıb: “Bizim kənddə su problemi həmişə olub. Amma Veyisliyə Şəmkir su anbarından kanal çəkiləndən sonra bu problem həll olunmuşdu. Kanal vasitəsilə gələn sudan əkinlərimizi sulamaq üçün istifadə edirdik. Amma bir müddətdir ki, bunu edə bilmirik. Su gəlmir. Həm Şəmkir Su Anbarına, həm də Goranboy su nümayəndəliyinə müraciət etmişik. Düzdür, həmin an əl-ayağa düşüb problemimizlə maraqlanırlar. Söz də verirlər ki, həll edəcəklər. Amma hər dəfə bir bəhanə gətirərək problemi olduğu kimi saxlayırlar. Gah motor xarab olur, gah da limit olmur. Əslində bu məsələdə Goranboy Rayon Su Nümayəndəliyinin də günahı yoxdur. Çünki onları da aldadan Şəmkir Su Anbarı nümayəndələridir. Xüsusilə də anbarın rəhbəri Vaqif və sahə rəisi Füzuli”.