Azərbaycanda ən çox yetişdirilən və istehlak olunan tərəvəz məhsullarından biri soğandır. Təxmini hesablamalara görə, ölkədə bir nəfər il ərzində 18 kiloqramdan çox soğan istifadə edir.
Azərbaycanda quşçuluq təsərrüfatlarının sığortasına - HAZIRLIQ BAŞLAYIB
Aqrar Sığorta Fondundan FED.az-a verilən məlumata görə, Azərbaycanda 5280 hektar ərazidə soğan əkilir. Yerli soğan istehsalı daxili bazarın bütün ehtiyacını təmin etməklə yanaşı, həm də xarici bazarlarda da satılır. 2022-ci ilin rəsmi statistikasına görə, ölkə üzrə soğan istehsalı 275 min tona çatıb. Təkcə keçən il 22,6 min ton soğan ixrac olunub, əldə edilən gəlir isə 6,7 milyon dollar təşkil edib. Bu rəqəmlər ilbəil artmaqdadır.
Azərbaycanda mülayim iqlim şərtləri ildə iki dəfə - yazlıq və payızlıq soğan əkini həyata keçirməyə imkan verir. Düzgün qulluq, gübrələrin vaxtında verilməsi nəticəsində soğandan yüksək məhsuldarlıq əldə etmək mümkündür. Yerli soğan sortları ölkəmizdə və xarici bazarlarda mövsümdən asılı olmayaraq ilboyu yüksək tələbatla satılır.
Ölkədə soğan əkin sahələrinin böyük hissəsi Qarabağ, Qazax-Tovuz, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonlarında yerləşir. Ən böyük baş soğan sahələri Bərdədədir – rayonda 1744 hektar ərazidə soğan əkilir. Ağdamda 1079 hektar, Beyləqanda 635 hektar, Ağcabədidə 453 hektar, Ağcabədidə 453 hektar ərazidə soğan becərilir.
Soğan hava şəraitinə, bitki xəstəliklərinə, xüsusilə də saxlanma şərtlərinə qarşı həssas bitkidir. Məhz bu səbəbdən Aqrar Sığorta Fondu tərəfindən soğan sahələrinin 50 faiz dövlət yardımı ilə sığortalaması imkanı yaradılıb.
Hazırda yazlıq soğan əkinlərinin sığortalanması mövsümü başlayıb, fermerlər fevral-mart ayları ərzində Fondun 1651 nömrəli “Çağrı mərkəzi”nə zəng edərək, öz təsərrüfatlarını müxtəlif təbii risklərdən sığortalaya bilərlər. Hesablanmış sığorta haqqının yarısı fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.
Sadə misalla ifadə etsək, ölkənin ən çox soğan istehsalı bölgələrindən olan Qarabağ, Gəncə-Daşkəsən və ya Qazax-Tovuz regionlarında min manatlıq baş soğan məhsulunun baza sığorta zərfi ilə sığorta haqqı 32 manatdır. Fermer bu məbləğin cəmi 16 manatını ödəyərək öz məhsulunu sığorta etdirə bilər. Mərkəzi Aran, Quba-Xaçmaz və Lənkəran-Astara regionları üçün bu rəqəm cəmi 8 manat, Şəki-Zaqatala üçün 17 manat, Dağlıq Şirvan regionunda isə cəmi 10 manat təşkil edir.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta vasitəsilə ümumilikdə 41 bitki üzrə 48 bitkiçilik məhsulu sığortalanır. Buraya tarla əkinləri, meyvə bağları, tərəvəz bostan bitkiləri və texniki bitkilər aiddir.
Aqrar sığorta vasitəsilə əkin sahələrini müxtəlif risklərdən – dolu, sel-subasma, fırtına, qasırğa, normadan artıq yağıntı, yanğın, 3-cü şəxslərin hərəkətlərindən sığortalamaq mümkündür.
Sığortadan faydalanan fermerlərin sayı sürətlə artmaqdadır. 2023-cü ildə baş vermiş sığorta hadisələrinə görə fermerlərə indiyədək 4,4 milyon manat ödəniş olunub. Hazırda zərərlərin hesablanması və ödənişlər davam edir və bu rəqəmin 8 milyon manata çatması gözlənilir.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər, həmçinin Fondun 1651 “Çağrı mərkəzi”nə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.